Türkiyənin milli müdafiə naziri azərbaycanlı qazilərlə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanın "Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir deyib: “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”.

Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "İki ananın oğlu"dur.

Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.

"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - H.Akar əlavə edib.