Azərbaycanın sərvətlərinin talanmasına son qoyulmalıdır
Nazir haqlı olaraq Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb
Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Danışıq zamanı ikitərəfli və regional məsələlər üzrə də fikir mübadiləsi aparılıb. Tərəflər Laçın yolundakı vəziyyəti də müzakirə edib.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılovun “Şərq”ə açıqlamasına görə, telefon danışığı zamanı Azərbaycan-Ermənistan arasındakı sərhədlərin delimitasiyası, yekun sülh müqaviləsi, həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas tərəfləri də danışılıb: “Eyni zamanda Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Son dövrlər Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsi və ritorikası da əsas müzakirə predmeti olub.
Bu məsələ Rusiyanın siyasi rəhbərliyi üçün kifayət qədər narahatedici məqamdır. Siyasi elitanın açıqlamaları da iki ölkə arasındakı münasibətlərdə ciddi soyuqluq olduğunu göstərir. 10 noyabr bəyanatının üçüncü tərəfi olan Rusiyanın sülhməramlıları bölgədə olduğundan Xankəndi- Laçın yolundakı aksiyanın Azərbaycan və Rusiya rəsmiləri ilə müzakirə edilməsi labüddür. Nazir Ceyhun Bayramov da haqlı olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Çünki Azərbaycanın ən önəmli tələblərindən biri ermənilər tərəfindən Azərbaycana məxsus qızıl mədənlərinin qanunsuz istismarının qarşısının alınması və monitorinq missiyasının oraya buraxılması məsələsidir.
Rus sülhməramlıları görüntüdə buna razılıq versələr də, Vardanyan və ətrafındakı separatçıları prosesi sabotaj etdilər. Buna etiraz məqsədilə ekoaktivistlərin keçirdiyi dinc aksiyanı isə dünyaya, guya, Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması kimi təqdim etdilər.
Halbuki XİN başçısının da qeyd etdiyi kimi, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin əsassız iddialarını təkzib edir”.
Rusiyanın bu aksiyaya münasibətinin Azərbaycan üçün qəbul edilmədiyini vurğulayan T.İsmayılov deyib ki, bölgədə sülhməramlı missiyasını üzərinə götürən Kreml işğaldan azad olunan Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına göz yummaq əvəzinə qarşı çıxmalıdır. Əks halda onların mövqesizliyi Rusiyanın sülhməramlı olub-olmadığına dair şübhələri artıracaq.