ABŞ-a, Rusiyaya inanmaq mümkün deyil



Çünki bu iki nəhəng dövlət öz maraqları naminə beynəlxalq ictimai rəyin manipulyasiya olunmasına xüsusi həvəs göstərir

  ABŞ Rusiya və digər MDB ölkələrində terror aktları üçün İŞİD və "Əl-Qaidə" ilə əlaqəli cihadçıları fəal şəkildə əməkdaşlığa cəlb edir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib. Məlumata görə, Rusiyanın Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən vətəndaşların əməkdaşlığa cəlb edilməsinə diqqət yetirilir. Qeyd olunur ki, Amerika yanvar ayında Rusiya və MDB məkanında terror aktları üçün 60 yaraqlı seçib. Vurğulanıb ki, terrorçulara Suriyadakı Əl-Tanf bazasında təlimlər keçirilir.
  Rus kəşfiyyatının iddiasını "Şərq"ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ və Rusiya arasında siyasi-psixoloji savaş son həddə qədər intensivləşib. Analitikin sözlərinə görə, son baş verən olaylar da məhz bu siyasi-psixoloji savaşın əlamətləridir. Üstəlik, Rusiyanın açıqlaması birtərəfli deyil, qarşılıqlı xarakter daşıyır: "Məsələ ondadır ki, ABŞ Ermənistandakı keçmiş diplomatik təmsilçisi Linn Treysini Rusiyaya səfir təyin edib. ABŞ-nin Rusiyadakı yeni səfiri Linn Treysi ziddiyyətləri dərinləşdirmək, fərqli konflikt səbəbləri yaratmaq üzrə peşəkar mütəxəssis sayılır. Onun Rusiyaya getməsindən sonra bu, açıq-aşkar və daha qabarıq şəkildə nəzərə çarpır. Bir neçə gün öncə ABŞ-nin Rusiyadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına müraciət edərək, Rusiyanı dərhal tərk etməyə çağırıb. ABŞ səfirliyi bu çağırışını nə qədər qəribə də olsa, Rusiyanın ikili vətəndaşlığı tanımayacağı və ABŞ vətəndaşlarını da orduya çağıra biləcəyi ilə əsaslandırıb. Tamamilə absurd məzmun daşısa da, ABŞ səfirliyinin "Rusiyanı dərhal tərk edin" çağırışı iki ölkə arasında siyasi-psixoloji gərginliyi artırmaq üçün kifayət edib.
  Buna cavab olaraq, Kreml Rusiya kəşfiyyatının ABŞ tərəfindən müxtəlif terrorçu qruplaşmaların gizli əməkdaşlığa cəlb edilməsi barədə məlumatlara malik olduğunu vurğuladı. Kremlə yaxın siyasi dairələr iddia edirlər ki, ABŞ həmin terrorçu qruplaşmalardan məhz Rusiya ərazisində kütləvi terror aksiyaları törətmək üçün istifadə etmək niyyətindədir. Ona görə də hələlik rus kəşfiyyatına istinadən yayılan məlumatların daha çox ABŞ-nin beynəlxalq terrorizmlə əlaqələrində ittiham etmək məqsədi daşıdığını da düşünmək olar".
  E.Xalidbəylinin qənaətincə, bütün bu qarşılıqlı siyasi-psixoloji oyunlarda güdülən məqsəd, yəqin ki, yaxın vaxtlarda ortaya çıxmağa başlayacaq: "Hələlik isə onu demək olar ki, nə ABŞ-yə, nə də Rusiyaya inanmaq mümkündür. Çünki bu iki nəhəng dövlət öz maraqları naminə beynəlxalq ictimai rəyin manipulyasiya olunmasına xüsusi həvəs göstərir. Eyni zamanda həm ABŞ-dən, həm də Rusiyadan istənilən addımı gözləmək mümkündür. Yəni hər iki tərəfin iddiaları yalan da ola bilər, sonradan reallığa da çevrilə bilər".