Azərbaycanın mövqeyi ortadadır


Biz Cənubi Qafqazda dayanıqlı sülhə çalışırıq


  "Zəlzələ kimisi üçün faciədirsə də, bəziləri üçün fürsətdir, girəvədir". Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, İran və Ermənistan da fürsətçi ölkə kimi imic qazanmaları ilə, hər an arxadan namərdcəsinə zərbə vurmağa hazır olmaları ilə tanınır: "Biz son günlər mətbutda İran və Ermənistanın Qubadlı və Laçın istiqamətindən Azərbaycana qarşı hərbi təxribat hazırladıqlarına dair məlumatların yayılmasına da ilk növbədə bu prizmadan yanaşmalıyıq. SEPAH-ın Azərbaycan dilində danışa bilən 27 diversantının sözügedən təxribat-hücum əməliyyatına cəlb olunması və onların hazırda Qərbi Zəngəzurda hücuma hazır vəziyyətdə saxlanılması barədə deyilənlər prinsipcə real görünür. İran və Ermənistan hazırda Türkiyənin başının zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasına qarışmasından istifadə edib Qubadlı və Laçın istiqamətindən, həqiqətən də, ölkəmizə qarşı hərbi təxribat törədə bilərlər.

Bu barədə yayılan məlumatlara şayiə kimi yox, tam ciddi yanaşmalıyıq. Çünki Ermənistan-Fransa və Ermənistan-İran cütlüklərindən hər cürə pislik gözləmək mümkündür. Ötən gün İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin İrəvanda keçirilən İran-Ermənistan forumunda diplomat kimi deyil, siyasətçi kimi çıxış edərək səsləndirdiyi avantürist fikirlər də molla rejiminin Ermənistanla münasibətləri daha da sıxlaşdırmaq niyyətindən və Azərbaycana qarşı aqressiv siyasəti davam etdirmək planlarından xəbər verir".
  Ə.Hüseynov vurğulayıb ki, mövqeyimiz ortadadır. Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasını və istisnasız olaraq bütün qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir: "Bunun yolu isə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından, tərəflər arasında yekun sülh sazişinin imzalanmasından keçir. Lakin İran, Fransa kimi pozucu ölkələr isə hər vəchlə bu proseslərin qarşısını almağa çalışır. Cənub qonşumuz xristian Fransası ilə səylərini birləşdirərək Ermənistan üzərindən regionda öz varlığını təmin etməyə, geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirməyə çalışır. Tehran mollaları islama deyil, şeytani hədəflərə xidmət edirlər. Odur ki, belə bir məkrli ölkənin təxribatlarına həmişə hazır olmalıyıq".