Paşinyan ölkəsini ən ağır duruma salıb

Rusiya Ermənistanın bütün nəfəsliklərini qapatmağa çalışacaq

  Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Qərb İrəvanın güc strukturlarında öz əlaltılarının olmasını təmin etməyə çalışır. Onun sözlərinə görə, Paşinyanın əməlləri sayəsində geosiyasi toqquşma o həddə çatıb ki, hüquq-mühafizə orqanları və onların rəhbərləri parçalanır: “Birbaşa baş nazirin nəzarətində olan Xarici Kəşfiyyat Xidməti yaradıldı. Əvvəllər onların işini Milli Təhlükəsizlik Xidməti icra edirdi. Xarici Kəşfiyyat Xidmətinin rəisliyinə namizədlərin adı, həmçinin müraciət edənlərin adlarının hansı xarici qüvvələrlə bağlı olduğunu nəzərə alsaq, bunun növbəti psevdoislahat olduğu aydın görünür. 

Bütün bunlar Paşinyanın tərəddüd etdiyi hallarda “komanda” üzvlərinin ona geosiyasi məsələlərdə “düzgün oriyentasiyaya” kömək etməsi üçündür". Aşotyan qeyd edib ki, Ermənistanın idarəçilik sistemində artıq Qərbin etibarlı şəxsləri var: "Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qərbin himayəsindədir. Nikolun komandasında belə müdafiəçilər çoxdur. Bu sxem yeni deyil, analoji sxemdən vaxtilə həm Ukraynada, həm də Gürcüstanda istifadə olunub. Geosiyasi mübarizə kontekstində Qərb Ermənistanda “proksi” strukturlar yaratmaqla öz təsirini təmin etməyə cəhd edir. Patrul xidmətinin yaradılması məhz belə bir layihədir”. 

  KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov da deyib ki, rəsmi Vaşinqton və Brüssel təhlükəsizlik modeli üçün Ermənistana öz formatlarını tətbiq etmək istəyirlər. Onun sözlərinə görə, təhlükəsizlik üçün təhdidlərin əsas mənbəyi Qərb elitasının bir hissəsinin dağıdıcı fəaliyyətidir: "Bu da ilk növbədə bir sıra dövlətlər arasında ərazi məsələlərinin həll olunmamasından qaynaqlanır". 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyan Rusiyadan uzaqlaşma xəttini seçib. Lakin Ermənistanın təhlükəsizlik, ordu, polis sistemində Kremlin təsir agentləri kifayət qədər çoxdur:

 "Məsələ ondadır ki, artıq Rusiya özü Ermənistandan çəkilməyə hazırlaşır. Əgər bu baş versə, Ermənistan istər-istəməz öz imkanlarını və gücünü nəzərə alaraq addımlar atmalı olacaq. Bu zaman sözsüz ki, Ermənistan daha real siyasət həyata keçirməyə məcbur olar. 

Ermənistanın bundan sonra Qərbyönlü siyasətə start verib-verməyəcəyini dəqiq demək çətindir. Paşinyan istəyir ki, Rusiya onların təhlükəsizliyini təmin etsin, rəsmi İrəvan da Avropa və qərblə iqtisadi münasibətlərini inkişaf etdirsin. Amma Qərbin Rusiya tərəfindən təhlükəsizliyi qorunan Ermənistanla iqtisadi münasibətlərini dərinləşdirməyə maraq göstərəcəyinə inanmıram. NATO Ermənistanı özünə üzv etməkdə maraqlı deyil.

 İndi Ermənistan böhran qarşısındadır. Əgər Paşinyan Qərbə inteqrasiya yolunu seçəcəksə, o zaman bu, İrəvanın Moskva ilə münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Belə olduğu təqdirdə Rusiya Ermənistanın bütün nəfəsliklərini qapatmağa çalışacaq. Lakin Qərbin dəstəyi nəticəsində Paşinyan hər fürsətdən istifadə edərək, çalışır ki, KTMT və Rusiya ilə məsafə saxlasın". 

  Analitikə görə, bunun başlıca səbəbi İrəvanın KTMT-dən incik düşməsilə bağlıdır: 

"Ona görə də İrəvan birmənalı şəkildə təşkilatın təliminin ölkəsində keçirilməsini məqsədəuyğun hesab etməyərək, demarş edir. Ehtimal etmək olar ki, Paşinyanın bu demarşı ona baha başa gələcək. Çünki Rusiya ona qarşı yönələn hərəkətləri heç zaman bağışlamır".