Moskva Vardanyan kartı ilə oyunlarını davam etdirir

Laçın yolundakı aksiyanın aktivliyi ilk günlərdəki kimi möhkəm xarakter qazanmalıdır


  Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndiyə qayıtması ilə bağlı məlumat yayılıb. “Hraparak”ın məlumatına görə, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib. Bildirilir ki, mövcud vəziyyəti təqdim edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. 

Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi deyilir. Qeyd edək ki, Ermənistan KİV-i ötən həftə Ruben Vardanyaın Moskvaya getdiyini yazmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcə Qarabağ separatçılarının başçısı Araik Arutyunyan, ardınca isə Ruben Vardanyan Moskvaya gedib. Mətbuat bu iki şəxsin son vaxtlar yola getmədiyi və aralarındakı gərginliyin dərinləşdiyini yazırdı. Ehtimal olunur ki, Moskva onlardan hansı ilə işləyəcəyinə tezliklə aydınlıq gətirəcək. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Ruben Vardanyan fiqurunu vurub Qarabağ lövhəsindən tamamilə kənarlaşdırmaq üçün unikal şans yarandığını düşünürdü. Ekspertin gəldiyi qənaət belədir ki, Ruben Vardanyanın Xankəndidən Moskvaya getməsi Bakıya Moskva ilə danışıqlar aparmaq üçün zaman intervalı təqdim edirdi: 

"Məncə, Azərbaycan bu intervalda Rusiya ilə razılığa gəlib Vardanyan layihəsinə son qoyacağını hesablamışdı. Amma Kreml çirkin oyunların fiqurundan yapışmağı seçdi. Moskva Vardanyana kartı ilə oyunu davam etdirir. Vardanyan Moskvadan təlimatlar alaraq yenidən Xankəndidə peyda olub. Azərbaycan Laçın yolundakı aksiyalardakı tələblərin cövhərini saxlamaq şərtilə ona bəzi yeni elementlər əlavə etsə, yaxşı olar. Birinci, Rusiya sülhməramlılarının avtomobilinə keçid yaradılsa da, yoxlama mexanizminin təşkilində Bakı özünə pay götürməlidir. İkinci, aksiya iştirakçılarının aktivliyi ilk günlərdəki kimi möhkəm xarakter qazanmalıdır. Üçüncü, bu, mümkün deyilsə, Azərbaycanın son təxribatlardan və Qarabağdakı "seçki" şousundan sonra hərbi tədbir görməkdən başqa seçimi olmadığını göstərməlidir".