Mirzoyanın Türkiyəyə səfəri səbəbsiz deyil - Sərhədlər açılır?

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Bakını qətiyyən narahat etmir

Türkiyəyə səfər etmiş Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada təkbətək görüş keçirib. Təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparıb, daha sonra nazirlər bəyanatla çıxış ediblər. Ermənistan XİN başçısı Ararat Mirzoyan zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə də yollanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib ki, Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəklərini danışıblar. Onun sözlərinə görə, bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır: "Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”.
  Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi. Eyni zamanda Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi”. Mövlud Çavuşoğlu deyib ki, Ermənistan bu çətin günümüzdə Türkiyəyə dostluq əlini uzatdı, həmrəylik nümayiş etdirdi: "Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”. Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir: "Bu gün bu barədə də danışdıq". 
  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumət adından Türkiyə xalqına və hökumətinə başsağlığı verib. Mizroyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb: "Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil". O, Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib. Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: “Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o, tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq”. Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir: "Regionda sülh üçün, eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm”.

  Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Mirzoyanın Türkiyəyə səfəri təsadüfi və ya səbəbsiz deyil. Xüsusilə də Türkiyədə baş verən təbii fəlakət sonrası bu səfər diqqət çəkir. Analitikə görə, rəsmi İrəvan faktiki olaraq Türkiyədə baş verən təbii fəlakətdən öz maraqları üçün istifadə etməyə çalışır:

"Bunu istər hadisədən sonra rəsmi İrəvanın əraziyə göndərdiyi xilasetmə qrupu və humanitar yardımlar, istərsə də 35 ildən sonra Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması təsdiqləyir. Xüsusilə Türkiyə Ermənistanla sərhədinin humanitar məqsədlər üçün açılması Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün ümidləri artırdı. İrəvan faktiki olaraq humanitar məqsədlər üçün olsa belə iki ölkə arasında sərhəd məntəqəsinin açılmasına nail oldu və hazırda bunun davamlı olması üçün səylərini artırır. Təsadüfi deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlamasında qeyd etdi ki, “Ermənistan tərəfi hər an Türkiyə ilə sərhədi açmağa hazırdır”. Qriqoryanın bu açıqlamasından sonra Mirzoyanın Türkiyəyə səfər etməsi ondan xəbər verir ki, rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda iki ölkə arasında sərhədlərin açılmasına çalışır. Hazırda belə bir yanlış yanaşma var ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır. Bu həm doğru, həm də yanlış yanaşmadır. Məsələ ondadır ki, bu düşüncə daha çox Azərbaycan ictimaiyyətində hakim olan fikirdir. Lakin rəsmi Bakı bütövlükdə Ermənistan-Türkiyə yaxınlaşmasına, ya da iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı deyil. Hətta Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır. Onsuz da Türkiyə bu məsələdə maksimum dərəcədə Azərbaycanın mövqeyini nəzərə alır və alacaq. Bu mənada Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankara və Bakının regionda mövqeyini daha da gücləndirə bilər. Məsələ ondadır ki, hazırda Ermənistan uğrunda regionda Qərb və Rusiya arasında kəskin mübarizə gedir. Bu mübarizədən kənarda qalan yeganə güc isə Türkiyədir. Faktiki olaraq Türkiyənin bu gün Ermənistana heç bir təsir gücü yoxdur".
  T.Rzayevə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankaranın İrəvana qarşı təzyiq rıçaqlarından istifadə imkanlarını artırır: "İki ölkə arasında münasibətlərin normallaşması ilk etapda siyasi və iqtisadi sferanı əhatə edəcək. Sərhədlərin açılması isə öz növbəsində türk şirkətlərinin Ermənistana, erməni işçilərin isə Türkiyəyə axın etməsi ilə nəticələnəcək. Xüsusilə türk şirkətlərinin Ermənistan bazarında pay sahibi olması Ankaranın bu ölkədə iqtisadi varlığından xəbər verəcək. Onsuz da zəif və xarici ianələrdən asılı olan Ermənistan iqtisadiyyatı üçün türk şirkətləri yeni nəfəs deməkdir. Türk şirkətlərinin Ermənistan bazarında çəki qazanması isə öz növbəsində gələcəkdə bu ölkənin siyasətinə təsir etmək deməkdir. Ermənistanın rus asılılığından xilas olub Qərbə inteqrasiya etməsi üçün Türkiyədən başqa alternativi yoxdur. Bunu İrəvan da yaxşı bilir. Bu mənada Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədin açılması Azərbaycanı qətiyyən narahat etməməlidir".