Yaxın altı ayda sülh gözlənilmir- AKTUAL ŞƏRH

Yaxın altı ayda sülh gözlənilmir

Çünki Moskvanın vasitəçilik missiyası həyata keçirdiyi proseslərə uyğun deyil

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. C.Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də postmünaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb. Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb. Nazir, etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb. Görüşdə həmçinin regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Cəbhə Partiyasının siyasi məsələlər üzrə müavini Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması yaxın altı ayda gözlənilmir. Ekspert bildirib ki, hazırda tərəflər arasında sülh danışıqlarının gündəliyi müzakirə olunur: "Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan sülh prosesi məhz Fransanın birbaşa müdaxiləsi ilə fiaskoya uğradı. Avropa İttifaqı iki ölkə arasında normallaşma prosesinə zidd olaraq Fransa jandarmalarının iştirakı ilə Azərbaycanla Ermənistan sərhədi boyu uzunmüddətli müşahidə missiyası göndərir. Bundan sonra Brüsselin vasitəçiliyinə ehtiyac yoxdur. Bu proses Brüsselin Ermənistanda Rusiyanın geosiyasi mövqelərinə zərbə kimi nəzərdə tutulsa da, proses Azərbaycana qarşıdır. ABŞ dövlət katibi Entoni Blinkenin bütün cəhdlərinə baxmayaraq, Vaşinqton gündəliyi də yerində sayır. Bundan istifadə edən Moskva yenidən fəallaşıb. Azərbaycan Brüsselin və Vaşinqtonun vasitəçiliyinə ümid və etimad edirdi. Amma Qərb ölkələri Ermənistanın xətrinə dəyməmək üçün prosesi Rusiyanın İrəvanda zəifləməsi istiqamətində aparmağa başladılar".
  M.Əsədullazadə vurğulayıb ki, Kreml Azərbaycan və Ermənistan arasında yenidən XİN səviyyədə görüşün keçirilməsində maraqlıdır: "Prezident İlham Əliyev ötən gün Vladimir Putinə zəng etdi. Bu telefon danışığı Kremlin Vardanyanı və Arutyunyanı təlimatlandıraraq Xankəndiyə göndərməsi fonunda baş tutdu. Görünür, prezident bununla bağlı birbaşa narazılığını Putinə bildirib. Çünki Moskvanın vasitəçilik missiyası həyata keçirdiyi proseslərə uyğun deyil".