Beynəlxalq birlik anlayıb: "Ermənilər azərbaycanlıların barış təklifini geri çevirib və..."

 Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bildirilib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və mili nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub. Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və video-materiallar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılıb. Etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilib. Sənəddə Ermənistanın postmünaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılıb. Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu vurğulanıb.

  Politoloq Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, ermənilərdə türklərə nifrətin kökü dərindir. Analitik qeyd edib ki, ermənilər uzun dövrlər ərzində türkofobiya siyasəti yürüdüblər:

"Uşaqlara, yeniyetmələrə aşılayıblar ki, türklər bizim düşmənimizdir. Məhz bu mənfur siyasət onları məhvə sürükləyib, bəşəri inkişafdan geri atıb. Təsəvvür edin ki, işğal dövründə Azərbaycan torpaqlarını xarabalığa çeviriblər, daşı daşı üstündə qoymayıblar. Bu, insanlıq əleyhinə bəşəri cinayətdir. Özündən başqa heç kimi bəyənməyən bu “qədim və mədəni xalq”ın təmsilçiləri şəhər-kəndlərimizi, təbiətimizi viran qoymaq azmış kimi, üstəlik, ərazilərimizi minalayıb gediblər”. 
  Müsahibimiz vurğulayıb ki, Azərbaycan bu müddətdə səbr və təmkin nümayiş etdirib: “İqtisadiyyatını gücləndirib, hərbi qüdrətini artırıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, tarixi məqama, lazımi ana hazırlaşıb. Situasiya yetişəndən sonra da biz ermənilər kimi qəddarlıq nümayiş etdirmədik. Ali Baş Komandan dəfələrlə Ermənistanın siyasi rəhbərliyinə xəbərdarlıq etdi ki, işğalçı siyasət sizi məhvə sürükləyir. Təklif edirdi ki, heç bir qan-qada olmadan doğma torpaqlarımızı azad etsinlər. Onlar bundan da nəticə çıxarmadılar. Nəticədə 44 günlük vətən müharibəsində tarixi Zəfər əldə etdik və doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Ermənistan bu illər ərzində işğalçılıq siyasətinin girovuna çevrilib. Bütün beynəlxalq iqtisadi layihələrdən kənarda dayanıb. Xəstə təfəkkürlü və reallıqdan kənar “ideoloqlar”ın sayəsində özlərini real inkişafdan tədric ediblər. Nəticədə milyonlarla erməni daxildə nicat tapmayaraq mühacirətə üz tutub”.
  Politoloqun sözlərinə görə, erməni uşaqların müharibəyə cəlb olunmasında erməni təcrübəsi baxımından təəccüblü bir şey yoxdur: “Yetkinlik yaşına çatmayan şəxslərin, uşaqların, yeniyetmələrin müharibəyə cəlb edilməsi cinayətdir. Ermənistanın müharibə cinayətləri sırasında bu məqam xüsusi yer tutur. Təbii ki, belə bir qızışdırıcı və təxribatçı fəaliyyətə görə onlara qarşı qəti mübarizə aparılmalıdır. Bu cinayətin beynəlxalq müstəviyə bəyan edilməsi labüddür. BMT-nin bununla bağlı açıqlamasına gəldikdə isə bu, təqdir olunmalıdır. Nəhayət, beynəlxalq birlik anlamağa başlayıb ki, ermənilər azərbaycanlıların barış təklifini hər dəfə geri çevirib və daxildə nifrət toxumu səpiblər”.