Tokayev əvvəlki sistemin üzərindən qalın xətt çəkir

Nazarbayev və onun idarəetmə sistemi ilə bağlı sərt addımların atılmasının səbəbi budur


  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbaşı haqqında” qanunu qüvvədən salıb. Bu barədə o, Konstitusiya qanununu imzalayıb. Bundan əvvəl sənəd Parlamentin hər iki palatasının birgə iclasında da təsdiqlənib. Məlumat üçün deyək ki, "Birinci prezident haqqında” qanunda eks-prezident Nursultan Nazarbayev və onun ailə üzvləri üçün bir sıra imtiyazlar var idi. 

O, hətta törətdiyi əməllərə görə məsuliyyətə cəlb oluna, saxlanıla, həbs edilə və həbsdə saxlanıla, axtarışa məruz qala, dindirilə və ya şəxsən axtarışa məruz qala bilməzdi. Toxunulmazlıq Nazarbayevə və onunla birlikdə yaşayan ailə üzvlərinə məxsus bütün əmlaka da şamil edilirdi. 
  Nursultan Nazarbayevə qarşı atılan addımları "Şərq"ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Qazaxıstanda yenidən formalaşmış hakimiyyət köhnə hökumət imicindən uzaqlaşmağa çalışır. Ekspert vurğulayıb ki, Tokayev hakmiyyəti özünü yenilikçi, islahatçı formasında cəmiyyətə təqdim edir: "Yeni hökumət özünü Qazaxıstanın ikinci respublikasının qurucusu kimi təsdiqləmək niyyətindədir. Ona görə də Nazarbayev timsalında vaxtı keçmiş və müsbət imici pozulmuş köhnə siyasi-iqtisadi elementləri tamamilə aradan qaldırmağa çalışırlar. Köhnə stereotiplərdən azad olmaq istəyirlər. Nursultan Nazarbayev də birbaşa köhnə sistemlə əlaqələndirilir. Yeni prezident isə əvvəlki sistemin üzərindən qalın xətt çəkir və yeni sistem gətirdiyini elan edir. Təzə sistemdə köhnə rejimin qalıqlarının saxlanmasını yeni imicin pozulması, zədələnməsi kimi görürlər. Nazarbayev və onun idarəetmə sistemi ilə bağlı sərt addımların atılmasının səbəbi budur".