Nəhayət, Rusiya da bizim mövqeyə gəldi

Minsk qrupunu Qərb ölkələri tarixin zibilliyinə atıb


  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Minsk qrupundan danışıb. Zaxarova deyib ki, bu formatı məhz Qərb ölkələri tarixin zibilliyinə atıb. Onun sözlərinə görə, ABŞ başda olmaqla Qərb ölkələri Ermənistan-Azərbaycan nizamlanmasının səylərini pozub: "Minsk Qrupu formatı tarixin zibilliyinə məhz ABŞ və Fransadan olan həmsədrlərin uydurma bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdıqdan sonra atılıb. Budur fakt. Onlardan heç bu cür fəaliyyətə görə başadüşülən izah da gəlməyib. Bunu nəzərə alaraq biz Bakı və İrəvana üçtərəfli format çərçivəsində yardım etməyə diqqətimizi yönəltdik. 

O ki qaldı ABŞ-nin vasitəçiliyinə, biz onun real addımlarla dolu olmasını, hansısa əlavə dəyərə malik olduğunu görmürük”. Həmçinin qeyd edib ki, Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycana yardım etməyə davam edir. Zaxarova iki ölkə arasında münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə İqor Xovayevin İrəvan və Bakıya səfərlərini və oradakı təmaslarını xatırladıb. Onun sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: “Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, mən məsləhətləşmələrin detallarına varmayacağam. Bir daha Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”. 

  Rusiya XİN rəsmisinin açıqlamasını "Şərq"ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev ilk növbədə Moskvanın İrəvanla bağlı dəyişən mövqeyinə diqqət çəkib. Professor bildirib ki, Ermənistanın müstəqil xarici siyasətinin olmadığı, xaricdən gələn təlimatlar əsasında fəaliyyət göstərmələri hər kəsə bəllidir:

 "Ermənilərin xaricdən aldıqları reseptlə proseslərə yanaşması Rusiyanı həm qıcıqlandırır, həm də qəzəbləndirir. Ona görə də Rusiya XİN başçısı Sergey Lavrov açıq şəkildə Ermənistanın siyasətini tənqid edir. O ki qaldı ATƏT-in Minsk qrupuna, bu mənasız formatı tarixin arxivinə göndərən şəxs məhz dövlət başçısı cənab İlham Əliyevdir. Müharibədən bir qədər sonra həmsədrlərin israrlı xahişi ilə onları qəbul edən ölkə rəhbəri həqiqətləri olduğu kimi dilə gətirdi. İctimaiyyətin mövqeyi ilə yanaşı, siyasi və diplomatik cəhətdən də Minsk qrupuna ağır dildə cavab verildi. 30 il boş zaman keçirmiş, problemin həlli üçün heç bir iş görməmiş Minsk qrupu layiqli qiymətini aldı. İki ildən sonra olsa da, nəhayət, Rusiya da bu mövqeyə gəldi. Əslində Zaxarovanın dediyi üçtərəfli format, yəni Rusiya-Azərbaycan-Ermənisan arasında aparılan müzakirələr, anlaşmalar da Prezident İlham Əliyevin ideyasıdır. Rusiya üçtərəfli formatda özü də yer aldığı üçün daim bunu dəstəkləyib və prosesə əlavə ölkələrin müdaxiləsinə qısqanc yanaşıb.

 Üçtərəfli formatda rəsmi Bakı tərəfindən indiyədək heç bir problem yaradılmayıb. Azərbaycan imza atdığı sənədə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl edib. Ancaq Baş nazir Nikol Paşinyanın tez-tez mövqeyini dəyişməsi, Rusiyanın acığına Qərbə yönəlik addımlar atması, bölgəyə Avropa İttifaqının "mülki missiyası"nı gətirməsi və s. hadisələr prosesin irəliyə doğru getməsinə mane olub. Son günlər Paşinyan xaricdən aldığı sifarişlə yenidən Qarabağın "statusu" məsələsini gündəmə gətirir. Halbuki bu, birbaşa Azərbaycanın daxili işinə qarışmaqdır". 

  C.Nuriyev vurğulayıb ki, ABŞ-nin bu məsələdə vasitəçiliyi öz maraqlarına uyğun yox, Azərbaycan və Ermənistanın maraqlarına uyğun şəkildə olmalıdır:

 "Aydındır ki, ABŞ-nin məqsədi Cənubi Qafqazda söz sahibi olmaq, möhkəmlənməkdir. Rusiya isə bunu istəmir. Avropa İttifaqının, xüsusən Fransanın Ermənistan ərazisində fəaliyyət niyyəti İrəvanın müstəqil olmamasından qaynaqlanır. Aİ-nin missiyasına rəsmi Bakı da qarşı çıxır. Çünki hələ müəyyən olunmamış dövlət sərhədləri ilə bağlı hansısa ölkənin, təşkilatın, missiyanın nəsə söyləməsi, konkret bir tərəfi ittiham etməsi absurd olar. 

Zaxarovanın ABŞ və Fransanın timsalında Qərbi tənqid etməsi Rusiyanın ənənəvi siyasətidir. Lakin ABŞ və Fransanın ATƏT-in Minsk qrupunu yenidən diriltməyə cəhd göstərməsi bu iki ölkənin öz maraqlarını gündəmə gətirmək məqsədi daşıyır. İndiki dönəmdə həmsədrlik institutunu reanimasiyadan çıxartmaq cəhdi ağılsız təşəbbüsdür".