Münhendə böyük uğur

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq

  Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. 

Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.
  Prezident vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək. 
  Münhen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır. Qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir. Konfransın ilkin fokusu Trans-Atlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi şaxələndirmə aparılır. Bir sözlə, Münhen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır. Münhen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilməkdədir. Hazırkı sessiya MTK-nın yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilir və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olacağı ilə səciyyələnir. Prezident İlham Əliyevin qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunub. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər iştirak ediblər. Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunan 59-cu Konfransda Ukrayna mövzusunun aparıcı yer tutacağı gözlənilir. Bununla belə, Avropa və onun əsas tərəfdaşı olan Azərbaycan üçün hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzuların, həmçinin “Qlobal Cənub”a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlərin də diqqət mərkəzində olacağı şübhəsizdir. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Münhen Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Həmin debatda dünyanın gözü qarşısında dövlət başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab vermişdi. Tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirmişdi. Bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdu. Heç şübhəsiz, tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.
  Deputat Vüqar İskəndərov builki Münhen Konfransının da ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacağını deyib. Parlament üzvü bildirib ki, hazırda dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparır. Torpaqların minalardan təmizlənməsi prosesini həyata keçirir. Eyni zamanda Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır: "Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, praqmatik siyasət nəticəsində nail olmuşuq. Prezident İlham Əliyevin nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlərdə göstərir. Daha doğrusu, nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münhen Təhlükəsizlik Konfransını (MTK) xüsusilə qeyd etməliyik. Builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir”. Deputat əmin olduğunu bildirib ki, builki tədbir də ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacaq.