Ermənilərin yeni planı...

"Sumqayıt hadisələri"nin indi gündəmə gətirilməsində məqsəd var

Ermənilər “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşırlar. Artıq bu istiqamətdə erməni lobbisi, diasporu, Qriqoryan kilsəsi və xarici ölkələrdəki nüfuzlu, imkanlı ermənilər geniş kampaniyalara başlayıblar. Diqqətçəkən məqam isə bu məsələdə onlara başda Fransa olmaqla, bir sıra Qərb ölkəsinin də ciddi dəstək verməsidir. 

Qeyd edək ki, "Sumqayıt hadisələri" 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş verib. İğtişaşlar nəticəsində 32 nəfər həyatını itirib. Ermənilər baş verən hadisəni Azərbaycanın ermənilərə qarşı "kütləvi qətli", hətta bəzən "soyqırımı" kimi qeyd etsə də, faktlarla aydın oldu ki, hadisə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Dövrün siyasi proseslərinə, eyni zamanda tarixə nəzər salsaq, hadisənin məhz ermənilər tərəfindən törədildiyi aydın şəkildə görünür. 
  Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, ermənilərin siyasi məqsədləri üçün öz soydaşlarını qətlə yetirməsi, hətta kütləvi şəkildə öldürməsi ilk belə hal deyil. Analitik bildirib ki, XIX əsrin ikinci yarısında Qərbin imperialist ölkələrinin təhriki ilə Osmanlının Şərqi Anadoludakı torpaqları hesabına "müstəqil Ermənistan" dövləti yaratmaq istəyən ermənilər “Daşnaksütyun” “Xınçaq” kimi terrorçu təşkilatlar ətrafında birləşməyə başladı. Lakin bu prosesdə iştirak etmək istəməyən ermənilərin sayı da az deyildi: ""Daşnaksütyun" və "Xınçaq"a məxsus silahlı ermənilər xüsusilə İstanbul, Ədirnə, Selanik, İzmir, Ərzurum, Antakya və digər ermənilərin kompakt yaşadığı Osmanlı şəhərlərində onlara dəstək verməyən erməniləri kütləvi şəkildə qətl edirdi. Maraqlıdır ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu mənada ermənilərin Sumqayıtda öz soydaşlarını qətlə yetirməsi heç də təəccüblü hal deyil. Digər yandan, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistan türklərdən təmizlənməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur, kütləvi şəkildə qətlə yetirilirdi. Ermənilər hadisənin təktərəfli olmaması üçün bu hadisə ilə paralel azərbaycanlıların da erməniləri kütləvi şəkildə "öldürməsinə" çalışırdı. Bunun üçün Azərbaycan dilini səlis şəkildə bilən xüsusi təlim keçmiş ermənilər, Sumqayıtda ermənilər yaşayan mənzillərə basqın təşkil edirdi. Bununla da ermənilər həm Ermənistanda anti-Azərbaycan hərəkatını gücləndirir, həm də bu hərəkatın səbəbsiz yerə olmadığını isbat etməyə çalışırdılar. Əsas kimi isə həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşdığını və hadisənin onlar tərəfindən törədildiyini irəli sürürdülər".
  T.Rzayevə görə, “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşan ermənilərlə “Sumqayıt hadisələri”nin sifarişçiləri, təşkilatçıları eynidir: "Diqqətçəkən digər məqam isə ermənilərin bu hadisəni məhz Azərbaycanın Qərbi azərbaycanlılarla bağlı məsələni qabartdığı bir zamanda etməsidir. Ermənilər məhz indi “Sumqayıt hadisələri”ni gündəmə gətirərək Qərbi Azərbaycandan zorla qovulan azərbaycanlılarla bağlı həqiqətləri kölgədə qoymaq, gündəmdən çıxarmaq istəyirlər. Çünki bu faktın qabardılması və Azərbaycan tərəfindən dövlət səviyyəsində beynəlxalq aləmin diqqətinə çatdırılması azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulmaları, vəhşicəsinə öldürülmələri, təzyiq və zorakılıqlara məruz qalmalarını, münaqişənin məhz ermənilər tərəfindən başladıldığını təsdiqləyir”.