Paşinyanın açıqlaması ucuz publikaya hesablanıb


Qarabağdakı separatçılıq hərəkatı Ermənistan üçün fəlakət oldu

  Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etsə də, digər tərəfdən ərazi bütövlüyümüzü rədd etməklə yanaşı, Qarabağdakı separatçılara dəstəyini gücləndirməkdən də çəkinmir. İrəvan hökumətinin başçısı separatçıların hansısa “hərəkata başlama gününü” təbrik etməkdən geri qalmır. Baş nazir Nikol Paşinyan Qarabağdakı separat hərəkatıın başlamasının 35 illiyini “təbrik” edib.

O, müraciət yayaraq bildirib ki, 1988-ci il fevralın 20-də başlayan separatçılıq hərəkatı “Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq”. Paşinyanın sözlərinə görə, separatçılıq hərəkatı Ermənistan dövlətçiliyinin bərpası yolunda atılan ilk addım idi: "Bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik. Qarabağ hərəkatı xalqın öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etməli idi”. Paşinyan daha sonra iddia edib ki, 35 ildən sonra da Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir. O, hazırkı vəziyyətdə Qarabağda yaşayan ermənilərin guya, “mühasirədə” olduğunu bildirib: “Bu gün də mühasirədə olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanın bu hərəkətlərinin bir məqsədi var: Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmaq. Amma əminəm ki, bu, sarsılmazdır”. Baş nazir müraciətində Qarabağ ermənilərinə “Artsax vətəndaşları” deyə xitab edib. Daha sonra qeyd edib ki, “möhkəm və sarsılmaz olun”. 

  Qondarma rejimin rəhbəri Araik Arutyunyan da Paşinyanla paralel sərsəmləyib. Separatçı bildirib ki, erməni xalqı itirdikləri əraziləri geri qaytarmaq üçün mübarizəyə hazır olmalıdır: “Müharibəyə hər zaman hazır olmalıyıq, çünki bizim itirilmiş ərazilərimiz var". 

Ermənistanda və Qarabağda cücərən revanşizm xəstəliyi ilə bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Qarabağdakı separatçılıq hərəkatı Ermənistan üçün fəlakət oldu. Professorun sözlərinə görə, indiki məqamda Paşinyanın separatçıları "yubiley" münasibəti ilə təbrik etməsi ucuz publikaya hesablanıb: 

"Hər Münhen konfransında Paşinyanın natamamlığı, naşılığı, siyasətdən nə qədər uzaq olması reallığı daha çox üzə çıxır. Özünü "haqlı" çıxartmağa çalışsa da, əksinə, çıxılmaz duruma düşərək rüsvay olur. Artıq Ermənistanın özündə belə Paşinyanın onları təmsil etməsindən xəcalət çəkirlər. Separatçıların "təbriki" sülh müzakirələrindən və danışıqlardan uzaqlaşmaq siyasətidir və Ermənistan üçün təhlükəli gedişdir. İrəvanı qızışdıran, boş yerə "ruhlandıran" iki ölkə var - Fransa və İran. Lakin Münhendə Ermənistanla bərabər Fransa da uduzdu və təşəbbüsü ABŞ ələ keçirdi. Paşinyan çalışır ki, prosesdən Rusiyanı tamamilə kənarlaşdırsın. Ona görə də KTMT ilə bağlı ittihamlar səsləndirir. Əslində bizim üçün müzakirələrə kimlərin vasitəçilik etməsinin çox da fərqi yoxdur. Məqsədimiz odur ki, Ermənistan sülhlə bağlı əsas tələblərimizi qeyd-şərtsiz qəbul etsin. Bunu Blinkenin, Şarl Mişelin, yaxud Putinin edəcəyi məsələsi bizim üçün sadəcə variantlardır. İranın isə qərəzli mövqeyi, Ermənistanla yaxınlığı bizə məlumdur. Dövlət başçısı İranla bağlı danışarkən cənub qonşumuzu terrorla məşğul olan dövlət kimi dəyərləndirdi". 

  C.Nuriyev əlavə edib ki, Araik Arutyunyan isə konkret canidir: "44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş ermənilərin yenidən müharibəyə çağrılması ağılsızlıqla yanaşı, həm də intihardır. Növbəti erməni həyasızlığıdır. "İtirilmiş ərazilərin qaytarılması" nağıldır.

 Tezliklə Xocalını ermənilərdən təmizləyəcəyik. Əgər özlərini belə aparmağa davam etsələr, Xankəndini də itirəcəklər.

 Şuşada, Cıdır düzündə rəqs edən, "Qarabağ Ermənistandır" deyən Paşinyanın aqibəti necə oldusa, bu gün "müharibədən" dəm vuran separatçıların da aqibəti o cür olacaq. 

Bəlkə də Araik sərsəm açıqlamalarla bizə mesaj ötürür, demək istəyir ki, "gəlin Xankəndini də nəzarətə götürün, canım qurtarsın".