Sadır Caparovdan örnək addım

Qırğızıstana birlik-bərabərlik, həmrəylik hava-su kimi lazımdır

"Prezident öz ölkəsinin inkişaf etmə imkanlarını hamıdan yaxşı bilir. Ona görə də sabiq prezidentləri bir araya toplayaraq səyləri birləşdirmək və ölkəni düşdüyü çətin vəziyyətdən çıxartmaq niyyəti güdür"

  Qırğızıstan Prezidenti Sadır Caparov ölkənin bütün sabiq prezidentləri ilə görüş keçirib. İlk dəfə belə formatda təşkil olunan görüşdə Askar Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev, Sooronbay Jeenbekov iştirak ediblər. Mətbuata elan olunan birgə bəyanatda qeyd olunub ki, keçmiş prezidentlər bir-birini bağışlayaraq millətin gələcəyi üçün birləşməyə qərar verdiklərini elan ediblər. Hazırkı Prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstanın keçmiş ölkə başçıları onun “bir yumruqda birləşmək” təşəbbüsünü dəstəkləyiblər.

Qeyd etmək lazımdır ki, indiki və eks-dövlət rəhbərlərinin bir araya gəlməsi, hər hansı məsələ ətrafında müzakirə aparması bəzi Qərb ölkələri istisna olmaqla Şərq aləmində, türk-müsəlman respublikalarında sıx rastlaşmadığımız, daha doğrusu, şahidlik etmədiyimiz mənzərədir. Lakin hər zaman vurğulanıb ki, hansısa təhlükəli proseslər qarşısında müəyyən dövrlərdə ölkəyə rəhbərlik etmiş şəxslərin görüşü, müzakirələri, birlik nümayiş etdirmələri olduqca önəmli təşəbbüsdür. 

  Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, Qırğızıstanda yaşanan bu hadisə onu çox sevindirib. Ekspert bildirib ki, Şərq ölkələrində hakimiyyətdə olanların özündən əvvəlki rəhbəri inkar etməsi, saymazyana davranması ənənəsi çox geniş yayılıb: 

"Qırğızıstan digər türk dövlətləri arasında iqtisadi imkanlarına görə ən geridə qalmış bir ölkədir. Bu ölkədə uzun müddət sabitlik olmayıb və hakimiyyət tez-tez dəyişib. Ölkəyə qısa zamanda xeyli prezident rəhbərlik edib. Yəni qırğızların başları siyasi hakimiyyət çəkişməsinə o qədər qarışıb ki, ölkəni inkişaf etdirmək, iqtisadiyyatını ayaqda tutmaq məsələsini həll edə bilməyiblər. Digər yandan Tacikistanın mütəmadi olaraq Qırğızıstan sərhədinə hərbi təcavüzü, kəndləri yandırması, insanları öldürməsi prosesi hələ davam edir. Bu problemləri aradan qaldırmaq üçün Qırğızıstana birlik-bərabərlik, həmrəylik hava-su kimi lazımdır. Hazırkı Prezident Sadır Caparov, həqiqətən də, birləşdirici lider kimi çıxış etməyə çalışır. Bütün siyasi fəaliyyəti dövründə korrupsiyada uzaq durub, milli dövlətçi xəttə sadiq qalıb. Türk dünyasının birliyinə yön vermiş bir liderdir. Təbii ki, öz ölkəsinin inkişaf etmə imkanlarını hamıdan yaxşı bilir. Ona görə də sabiq prezidentləri bir araya toplayaraq səyləri birləşdirmək və ölkəni düşdüyü çətin vəziyyətdən çıxartmaq niyyəti güdür".

  A.Həsrət vurğulayıb ki, Qərb ölkələrinin Qırğızıstanı daxildən qarışdırmaq cəhdləri hələ də qalır:

 "Bu yaxınlarda "Azadlıq" radiosunun qırğız xidmətinin internet saytı bloklandı. Bilirsiz ki, "Azadlıq" radiosu fəaliyyət göstərdiyi ölkənin ictimai rəyini hakimiyyətlərə qarşı kökləməklə məşğul olub. Qırğızıstan hökuməti bu problemi kökündən həll etmək üçün radionun dağıdıcı və çaşdırıcı missiyasının önünü kəsmək qərarı aldı. Ölkənin bütün siyasi liderləri kənar qüvvələrin məkirli planlarına qarşı birlik içində olmalıdır ki, Qırğızıstan əvvəlki dönəmlərdə olduğu kimi qarışıqlıq yaşamasın. Ölkə sabit inkişaf yoluna qədəm qoya bilsin. Sadır Caparov bu istiqamətdə xeyli iş görüb. Həmçinin Azərbaycan-Qırğızıstan arasında əlaqələr də ən yüksək səviyyəyə çatdırılıb. Xatırladım ki, əvvəlki prezidentlərin dövründə iki türk respublikasının münasibətləri pozulma səviyyəsinə gəlib çatmışdı.

 Hətta Qırğızıstanda bəzi siyasilər işğalçı Ermənistana dəstək verirdilər. S.Caparovun dövründə bu problem də həllini tapdı.

 Qırğızıstanın Azərbaycandakı səfirliyi bir ildən artıqdır bərpa olunub. Hər iki ölkənin rəhbərləri qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçiriblər. Eyni zamanda Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti də məhz Sadır Caparov dövründə xeyli sürətlənib".