Bölgənin taleyi həll olunur

Gürcüstan özünü yalnız danışıq otağı, moderator kimi görə bilməz

  Münhendə keçirilən konfransın təşkilatçıları və moderatorları Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin iştirakı ilə müzakirə paneli təşkil ediblər. Qərbin aparıcı dövlətləri bununla açıq şəkildə ortaya qoyublar ki, region ölkələrini vahid formatda görmək məqsədəuyğun olardı. 

Qeyd etmək vacibdir ki, həm Bakı, həm də Tbilisi bu ideyanı dəstəkləyir. Lakin hər zaman olduğu kimi İrəvan üçlü formatdan yayınır. Çünki bu formata tam qoşulacağı təqdirdə Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etməlidir. Həmçinin ölkəmizdəki erməni milli azlığının işlərinə qarışmaq cəhdlərindən əl çəkməlidir. Fakt odur ki, Ermənistan Azərbaycandan fərqli olaraq, Gürcüstan ermənilərinin hüquqları ilə bağlı Tbilisiyə qarşı heç bir rəsmi tələb irəli sürmür. Xatırladaq ki, yanvarda Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda üçtərəfli dialoq formatı yaratmaq istəklərini təsdiqləyiblər. Lakin İrəvan bundan yayınıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter səhifəsində yazıb ki, Azərbaycan və Ermənistan liderləri ilə birlikdə regiondakı təhlükəsizlik mühitini müzakirə ediblər. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səylərdən danışıb. Baş nazirin sözlərinə görə, Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır: "Azərbaycan və Ermənistan liderləri ilə birlikdə biz regionumuzdakı təhlükəsizlik mühitini və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səyləri müzakirə etdik. Gürcüstan regionda sülhün qorunmasında həlledici rolunu oynamağa hazırdır”. 

  Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar da deyib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair görüşlər Tbilisidə keçirilməlidir. 
Onun sözlərinə görə, Gürcüstan coğrafi baxımdan bunun üçün çox əlverişli yerdir. Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü olması vacibdir. Məlumat üçün bildirək ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında dəfələrlə vasitəçi kimi çıxış edib. 

Tbilisinin vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə minalanmış ərazilərin xəritələrini Bakıya göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında 2022-ci il iyulun 16-da Tbilisidə baş tutan görüşdür.
  Siyasi şərhçi Zaur İbrahimli deyib ki, gürcü ekspertlərin əksəriyyətinin fikrincə, Tbilisi neytral vasitəçi missiyası icra etməlidir. Onlar hesab edirlər ki, gürcülərin neytral mövqe tutması bir zərurətdir və hər iki tərəfdə etimad yaratmaq üçün vacibdir: "Əslində rəsmi Tbilisinin də mövqeyi belədir və gürcü hakim siyasi dairələri hər hansı məsuliyyət götürməkdən yayınmağa çalışırlar. Fikrimcə, Gürcüstan özünü yalnız danışıq otağı, moderator kimi görə bilməz. İstəməsə belə gürcülər tərəfdirlər. Çünki bölgədə istənilən dəyişiklik onlara ciddi təsir edir. "Müharibə və ya sülh" seçimi gürcülərin də seçimindən asılıdır. Əgər davamlı sülh olmayacaqsa, əsas tranzit ölkə, turizm məkanı kimi Gürcüstanın da strateji dəyəri aşağı düşəcək. Azərbaycanın iqtisadi dəstəyi olmasa, gürcülər inkişaf tempini saxlaya bilməyəcəklər. Eyni zamanda Azərbaycanın mövqelərinin zəifləməsi Gürcüstanı da xarici təsirdən çox asılı edir. Azərbaycan-Türkiyə tandemi ilə uğurlu əməkdaşlıq Gürcüstanı bölgənin strateji tranzit məntəqəsinə çevirib. Həmçinin hər iki ölkə gürcülərin iqtisadi tərəqqisi üçün əhəmiyyətli töhfə verir. Azərbaycanın dəstəyi mümkün böhran vəziyyətlərdə Tbilisi üçün xilas kəməridir. 

Bunlarla yanaşı, Azərbaycan Gürcüstanın daxili proseslərinə müdaxilədən çəkinir və bu da sabitliyin qorunması üçün vacib amildir. 

Məhz bu şərtlər Gürcüstandan obyektiv olaraq Azərbaycanın mövqelərinin müdafiəsini tələb edir. Bütün bölgədə sülh, tərəqqi üçün Tbilisi də üzərinə məsuliyyət götürməkdən çəkinməməlidir. Gələcəkdə böhranlardan, müharibədən qaçmaq üçün Gürcüstan siyasi baxımdan məsuliyyətli davranmalıdır. Gürcüstanın belə mövqeyi, qonşuların ərazi iddiaları, xəyali geosiyasi layihələrinə qarşı çıxması bölgənin gələcəyində mühüm rol oynaya bilər".