Tehrana növbəti zərbə


Münhen Konfransına Rza Pəhləvinin dəvət edilməsi müəyyən ssenaridən xəbər verir

  İranın Rusiya ilə bərabər Münhen Təhlükəsizlik Konfransına çağırılmaması Tehranın qıcıqlanmasına səbəb olub. İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani bununla bağlı narazılığını ifadə edib. O bildirib ki, təhlükəsizlik konfransı olsa da, bu, müharibəni qızışdıranların maraqları naminə keçirilir:

“Beynəlxalq təhlükəsizlik” adlı belə bir konfransı təşkil etmək, İran və Rusiyanı dəvət etməmək o deməkdir ki, onlar fürsətdən istifadə edib beynəlxalq nizam və təhlükəsizliklə bağlı öz fərqli fikirlərini ortaya qoyublar”. Xatırladaq ki, Qərbin ən böyük siyasi və iqtisadi rəqibi olan Çin belə bu konfransda iştirak edib. Ekspertlərə görə, Münhen Təhlükəsizlik Konfransına İran adından xaricdə yaşayan müxalifətçi Rza Pəhləvinin dəvət edilməsi Tehrana növbəti zərbədir.
 
 
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Münhen konfransının beynəlxalq nüfuzunu və oradakı müzakirələrin geosiyasi proseslərə yön verdiyini nəzərə alsaq, İranla bağlı yeni siyasi konfiqurasiya bəllidir. Analitikə görə, İran rejiminin legitimliyi dünya tərəfindən qəbul edilmir:

"Rejimin dəyişməsi prosesinin Rza Pəhləvinin liderliyi altında həyata keçirilməsi ssenarisi var. Yanvarın 1-də İranın xaricdəki tanınmış simaları “2023-cü il İranda azadlıq və ədalətin bərqərar olması arzusuna” dair sosial media üzərindən kampaniyaya başladı. Birlik mesajı olaraq qəbul edilən bu kampaniya İran müxaliflərinin rejim əleyhinə koalisiyası kimi qiymətləndirilir. Daha sonra Rza Pəhləvinin lider kimi ortaya çıxması üzərində fikirlər irəli sürüldü. Şahzadənin yanvarın 13-də Londonda yerləşən “Manoto Tv”-ə müsahibəsində demokratik sistemi müdafiə etməsi bu prosesdə təkanverici rol oynadı. Sosial şəbəkələrdə “Sən mənim nümayəndəmsən” həştəqi ilə geniş kampaniya başlandı. Hətta “Pəhləvi mənim nümayəndəmdir” adlı petisiyaya da start verilib". 

  Ekspert qeyd edib ki, Pəhləviyə münasibətdə iki yanaşma var: 

"Onu yeni lider olaraq tam dəstəkləyənlər var. İranda demokratiyaya keçidi təmin edəcək “müvəqqəti fiqur” kimi görənlər də var. Hər iki yanaşma İran cəmiyyətində şahzadənin dayaqlarını getdikcə gücləndirir. Hər iki halda bu, İranda xalqın postmolla rejiminə hazırlaşdığından xəbər verir. Qərbdə də belə hazırlıq intensivləşib, Münhen konfransı prosesin görünən tərəfidir. Bizim üçün vacib olan mümkün rejim dəyişikliyində Cənubi Azərbaycandakı soydaşlarımızın taleyi, hüquqlarının necə təmin ediləcəyidir".