"Rəsmi Moskvanın kifayət qədər sübutu, dəlili var ki, rəsmi İrəvanın sürüşkən, satqın mövqeyini birdəfəlik tanısın. Həmçinin anlasın ki, Ermənistan həqiqətən də, Cənubi Qafqazda anti-Rusiya meyillərini gücləndirən məmləkətdir".
Bunu "Sherg.az"a politoloq Tofiq Abbasov rəsmi Moskvanın İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbulolunmaz hesab etməsindən danışarkən deyib. O vurğulayıb ki, düşmən ölkə digər tərəfdən də sabitliyi pozur:
"Rəsmi İrəvanın yeganə istehsal edə biləcəyi varlıq, dəyər varsa, o da təhlükə və yeni risklərdir. Belə olduğu halda təbii ki, Ermənistan sağlam qüvvə sayıla bilməz. Bu reallıq Azərbaycan üçün çoxdan bəllidir. Amma Rusiya bütün bunları gördüyü təqdirdə nəyə görə Azərbaycan-Ermənistan münaqişəsi, münasibətlərin qurulmasında bəzən anlaşılmazlıqlara yol verir?! Niyə rəsmi Moskva Qarabağda yaşayan, xırda, azsaylı erməni icmasının "kaprizlərinə" rəvac göstərir?! Eyni zamanda bölgədə Rusiyanı təmsil edən, sülhməramlı adı altında fəaliyyət göstərən hərbi kontingent də öz həddini aşır və əlavə çətinliklər yaradır?! Bunları anlamaq mümkünsüzdür. Çünki birincisi, Azərbaycan-Rusiya münasibətlərində çox aydın fon var. İndi Ermənistanın ali rəhbərliyi, hakimiyyət orqanları, onun məhkəmə qonağı belə bir izn verir ki, beynəlxalq məhkəmənin Roma Statusuna qatılsınlar. Bu ondan xəbər verir ki, Vladimir Putin Ermənistana səfər edərsə, həbs oluna və Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilə bilər. Bəs nə dərəcədə dost və müttəfiqlik münasibətlərinə, əlaqələrinə yaraşan, onun kontekstinə oturuşan, cizgi, element kimi qəbul etmək olar?! Elə bir sualdır ki, heç cavab da lazım deyil. Hər şey bəllidir. Odur ki, Ermənistanın oyunbazlığı, onun Qərbə meyillənməsi, ondan dəstək alması, iki stul üzərində oturması və cəhdlərini Rusiyada nə dərəcədə qiymətləndirirlər?! Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Bakı səfərində vacib və sağlam ruhlu tezislər, imperativlər, mesajlar səsləndirdi. Ermənistanda qıcıq dalğası doğurdular. Amma martın 20-də isə erməni həmkarı Ararat Mirzoyanla görüşündə tərs mütənasib fikirlər söylədi. Yenə də Ermənistana rəvac, dayaq, dəstək verir. Bununla da rəsmi İrəvan yenidən anti-Azərbaycan eyforiyasını gücləndirməyə başlayır. Hesab edirəm ki, düşmən ölkədən alicənab, sağlam ruhlu addım və mövqeləri gözləmək əbəsdir. Rusiya bunu çoxdan bilməli idi. Amma müvafiq tərzdə öz hərəkətləri, davranışları, əsasən də, Cənubi Qafqazdakı siyasətinə əlavələr etmir".
T.Abbasov diqqətə çatdırıb ki, Rusiyanın daxilində təbii olaraq, ermənipərəst lobbi var:
"Onlar kifayət qədər gücə malikdirlər. İmkanları da genişdir. Mətbuatda çox böyük dayaq nöqtələri mövcuddur. "At oynadırlar, meydan sulayırlar". Amma görünür ki, erməni vəsaitləri ilə dolanan, qidalanan, Kremlin daxilində, ətrafında da olan siyasi qruplar var. Onlar da Rusiyanın dövlət siyasətinə öz nüfuzlarını, təsirlərini göstərməklə anlaşılmaz, qeyri-sağlam bir mühit formalaşdırırlar. Təbii ki, əsas məsələ odur, Azərbaycan öz yolu ilə gedir. Məsələn, Qərb ermənipərəst mövqedən bizə təzyiqlər göstərməyə çalışırsa, zaman-zaman Rusiyadan da bunu hiss edirik. Amma ola bilsin, üzə vurmuruq. Lakin o demək deyil, zəifik, yaxud bunu görmür və kiminsə qarşısında təzim edirik. Əksinə biz düzgün yolda olmağımız, ədalət naminə mübarizəmizi davam etdirməyimizdən həm qidalanır, həm güclənir, həm də geostrateji resursumuzu artırırıq. Gərək Rusiya tərəfi də bunu unutmasın. Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlılar humanitar proqramlara qatılırlarsa, bu, onların əsas vəzifəsi deyil. Gərək sağlam və dürüst siyasət aparsınlar. Birincisi, tərəfkeşlik etməsinlər. İkincisi, öz vəzifələrini yerinə yetirsinlər. Halbuki hələ mandatları da bəlli deyil. Onlar erməni bazarından qidalanırlarsa, əlbəttə, doğru mövqeləri olmayacaq. Bütün bunları bilir və hiss edirik. Gücümüzün də əsasında özümüz və arxalandığımız əsas müttəfiqimiz dayanır".
Qeyd edək ki, rəsmi Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.