"Məsələni İranın Azərbaycana qarşı açıq təxribatı və daha şiddətli şəkildə qarayaxma kampaniyasına başlaması kimi qiymətləndirmək lazımdır".
Bunu "Sherg.az"a politoloq Sədrəddin Soltan Azərbaycan Müdafiə Nazirliyinin İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavab verməsindən danışarkən deyib. Onun sözlərinə görə, rəsmi Tehran rəsmi Bakıya qarşı açıq şəkildə qarayaxma kampaniyasını gücləndirib. Əvvəllər bunu hakimiyyətə bağlı müxtəlif siyasi şərhçilər, informasiya vasitələri, ayrı-ayrı fərdlər həyata keçirirdilərsə, artıq indi bu kampaniyaya ölkənin rəsmi qurumlarının yüksək vəzifəli rəhbərləri başçılıq edirlər:
"Məsələn, İran İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) rəhbərləri və ya prezident aparatının ayrı-ayrı nümayəndələri, İran xarici işlər naziri, yaxud XİN rəhbərinin müxtəlif təmsilçiləri ona başçılıq edir. Şübhəsiz ki, sözügedən kampaniya İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneini və onun başçılıq etdiyi xətdən qaynaqlanır. Çünki bu tip məsələlərin daha əvvəl də Xameneidən qaynaqlandığının dəfələrlə şahidi olmuşuq. İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də post-müharibə dövrlərində də Xamenei Azərbaycana qarşı iftiralar atmaqla məşğul olub. Hətta bir vaxtlar onun Qarabağ müharibəsi ilə bağlı saxta fitva verməsi də ortaya çıxdı. İranın analoji çıxışları yeni hadisə deyil. Adıçəkilən hakimiyyət bütün qonşulara, yaxın, uzaq dövlətlərə qarşı qarayaxma, şantaj etmək mövqeyi ilə tanınır. Məsələn, İranın bu çıxışları "Hamı səhvdir, təkcə Tehran rejimi düzdür" prinsipinə uyğun gəlir. Məsələn, cənub qonşumuz hesab edir ki, Azərbaycan, Əfqanıstan, Pakistan, İraq, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə yanlış danışır. Bu, normal məntiqə uyğun və ağılasığan bir davranış deyil. Bu onu göstərir ki, Tehran hakimiyyətində şübhə xofu var. Buna paranoya xəstəliyi deyirlər. Deməli, Tehran ölkədaxili hakimiyyəti mövcud problemlərlə bacarmadığından, həll edə bilmədiyindən günahı özgəsində görür. Hamı İrana qarşı düşmən mövqeyindən çıxış edir. Xəstəliyini qonşu dövlətləri də şərləməklə büruzə verir. İranın Azərbaycan və başqa qonşu ölkələrə münasibəti, davranışı o halda dəyişə bilər ki, Tehran hakimiyyətinin yanaşmasında fərq olsun. Nə qədər ki, İran qonşu dövlətlərə “Sən səhvsən, düz mənəm” deyə "yekəxanalıqla" yanaşacaq, gərginlik olduğu kimi qalacaq. Proseslər İran hakimiyyətinin əleyhinə işləyəcək".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavab verib.
K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
Bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
Bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. 44 günlük Vətən müharibəsində Azərbaycanın güya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, Şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək, zəfər səlnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyil. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".