"Mariya Zaxarovanın söylədiklərində müəyyən diplomatik ibarələr olsa da, əslində Rusiyanın Cənubi Qafqazda yeritdiyi siyasətin mahiyyətini özündə ehtiva etmir".
Bunu "Sherg.az"a politoloq Qabil Hüseynli Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması barədə açıqlamasından danışarkən deyib. Onun sözlərinə görə, şimal qonşumuz bölgədə uzun illərdir, "parçala, hökmranlıq et" və ermənipərəst siyasətini həyata keçirir:
"44 günlük müharibədən sonra da Qarabağda yerləşən sülhməramlı qüvvələrin simasında orada ənənəvi siyasətini davam etdirir.
Problemin həllinə dair dəfələrlə irəli sürdüyü müxtəlif təkliflər tamamilə Azərbaycanın maraqlarına zidd olub. Ermənilərin mənafeyinə daha çox xidmət edib. Üstəlik, rəsmi Moskva problemin aradan qaldırılmasına o qədər də can atmır. Vəziyyəti durğun olaraq, saxlamaqla bölgədə öz mövcudluğunu qorumağa çalışır. Rusiyanın bölgəni yaxşı tanıdığını deyərək, özünə güvənməsinin ciddi əsasları yoxdur. Bu, hələ, kifayət deyil. Digər dövlətlər də bölgəni tanıyırlar. Əsas məsələ ədalətin təmin olunması üçün beynəlxalq hüququn prinsiplərinə ardıcıl riayət etməkdir. Rusiya üçün beynəlxalq sənədlər, beynəlxalq hüququn iddiaları kağız parçası kimi görünür.
Ona görə də bölgədəki moderatorluq, vasitəçilik missiyası özünü doğrultmur. Bu səbəbdən də təşəbbüsü Qərb ələ alıb. Avropa Birliyi, ABŞ bölgədə sülh yaratmaqda daha israrlı görünürlər. Fransa istisna olmaqla digər ölkələrin bölgə ilə bağlı təqdim etdikləri sülhyaratma razılaşmaları reallıqlara daha yaxındır. Şimal qonşumuz artıq tükənib. İndi bulandırdığı suda balıq tutmaqla məşğuldur. Bu mənada onun moderatorluğu ilə dayanıqlı və uzunmüddətli sülh yaratmaq perspektivləri kifayət qədər dumanlı görünür".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistandakı Aİ missiyasının rəhbəri Markus Ritterin məlum açıqlamalarını şərh edib. Diplomat bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərində heç vaxt vasitəçi olmayan və heç bir praktiki nəticə əldə etməyənləri deyil, Bakı və İrəvanı eşitmək vacibdir.