"Partiyaların birləşməsi təsisçilərin, sədrlərin verdiyi qərardır".
Bunu "Sherg.az"a AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli siyasi partiyaların birləşməsindən danışarkən deyib. O bildirib ki, bizə yalnız hörmət etmək və uğurlar arzulamaq düşür:
"Ayrılmaq və ya birləşmələri artıq daxili məsələləridir. Partiyaların birləşməsi ölkədəki situasiyaya, siyasi reallığa uyğun olaraq, baş verir. Məlum proses bəzi hallarda isə gündəmdə qala bilmək üçün həyata keçirilir. Azərbaycanda partiya çoxdur. Lakin reallıq göstərir ki, ayaqda qalan 5-6 siyasi təşkilat var. Həmin kiçik partiyaların sədrləri siyasi fəaliyyətlərini deputat və s. kimi vəzifələrdə davam etdirə bilsin deyə başqa qruplara birləşməyə məcburdurlar. Əsas sağlam rəqabətdir.
Bu, real siyasi vəziyyətin qurulmasıdır. 2001-ci ildən, 18 yaşımdan siyasi təşkilatın üzvüyəm. Artıq 22 ildir, bu düşərgədəyəm.
Fəaliyyət illərim ərzində bəzən elə partiyalar olur ki, adını ilk dəfədir, eşidirəm. Belə olduğu təqdirdə, çoxpartiyalı sistem deyib, onları saxlamağın nə mənası var?! Kimi aldadırıq?! O halda mümkündür ki, həqiqətən də, rəqabət mühiti yaransın. İmitasiya və ya Avropaya göstərmək üçün bizdə 62 partiyanın mövcudluğuna ehtiyac yoxdur. Yalançı 62 təşkilatdansa, real 6-sı qalsın, siyasi sağlam rəqabət, seçki mühiti qurulsun. Birləşmə addımları Azərbaycanda gələcəkdə partiya sisteminin qurulmasına da töhfə vermiş olar".
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcək daha bir partiyanın adı məlum olub. Bu, Vəhdət Partiyasıdır.