"Qarabağ kartı" sıradan çıxır! – “Putin də, Paşinyan da anlayır ki...”

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Laçın yolu ilə bağlı müzakirələr aparıblar.
Paşinyan və Putin Ermənistan-Rusiya münasibətlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi yürüdüblər.

Hadisəyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, Rusiya-Ermənistan münasibətlərini iki aspektdən dəyərləndirmək lazımdır:

"Bunlar dövlət və bu dövlətlərin iqtidarları arasındakı münasibətdir. Ermənistan və Rusiya dövlət münasibətləri prizmasından ayrılmazdır və əbədi müttəfiqlik üzərində qurulub. Yəni biz Ermənistan dövlətini Rusiyasız təsəvvür edə bilmərik. Ümumiyyətlə Ermənistan dövlətinin quruculuğundakı iki əsas faktorundan biri Rusiyadır. Amma biz bu iki ölkənin iqtidarları arasındakı münasibətlərə də baxmalıyıq.  Görünən odur ki, bir tərəfdə Ermənistanı özünün layihəsi kimi saxlamağa çalışan Rusiya iqtidarı, digər tərəfdə isə rəsmi İrəvanı Kremlin forpostundan çıxarıb müstəqil dövlət etməyə çalışan Ermənistan iqtidarı var. Bu iki qrupda zidd qütblərdə dayanıb. Amma onlar yaxşı başa düşür ki, beynəlxalq məsələlərdə biri-birinə ehtiyacları var. Rusiya nə qədər böyük bir dövlət olsa da, onun Cənubi Qafqaz kimi önəmli bir regionu əlində saxlaması üçün tək müttəfiqi Ermənistandır. Gürcüstanın Rusiya tərəfindən işğal faktı və iki dövlət arasındakı münasibətlərin xalqlar səviyyəsindəki soyuqluğu bunu deməyə imkan verir.  Digər tərəfdən Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi kimi müstəqil xarici siyasət yürütməsi, Rusiyanı Cənubi Qafqazdakı təsirini itirməmək üçün Ermənistanla münasibətləri qoruyub saxlamağa məcbur edir".

Ekspert qeyd edib ki, Putin və Paşinyan arasındakı telefon danışığı iki dövlətinin biri-birindən asılılığıdır:

"Son dövrlərdə Azərbaycan tərəfi addım-addım Qarabağın sülhməramlılar olan hissəsində, öz nəzarətini təmin edir. Bunu biz son addımlarda da gördük. Bir neçə yüksəklik, kənd və Turşsu-Xələfli yolu nəzarətə götürülüb. Qarabağ kartı sıradan çıxdıqca Rusiya Qafqazdakı təsirini itirmək təhlükəsinin daha da yaxınlaşdığını anlayır. Ermənistan isə başa düşür ki, Qarabağ məsələsinin tam həllindən sonra, Azərbaycanın digər tarixi hüquqlarının da bərpasını istəyəcək. Ona görə də, hər iki tərəf dəyişən beynəlxalq situasiyaya qarşı nə edə biləcəklərini və anlaşmazlıqları  necə həll edəcəklərini müzakirə edir. Onların ortaq nöqtə tapacaqlarını düşünürəm. Bayaq dediyim kimi Rusiya və Ermənistan biri-birinə məcburdur. Xüsusən Cənubi Qafqaz məsələsində onların birini digərsiz təsəvvür etmək çətindir. Bu səbəbdən də Paşinyan və Putinin mövcud reallıqlar, yeni dünyaya keçid ərəfəsində Rusiya və Ermənistanın maraqlarının necə olması barəsində müzakirə aparacaqlarını düşünürəm. Düzdür, hər şeydə olmasa da, bir çox məsələlərdə ortaq məxrəcə gələcəklər. Onların nədə razılaşdığını isə gələcəkdə daha geniş şəkildə görəcəyik".