Ermənistan üçün güzəşt bitir! - “Türkiyə ilə əlaqələr qopur? - ŞƏRH

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması təsadüfi deyil".
Bunu "Sherg.az"a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Ermənistanla bağlı açıqlamasından danışarkən deyib. Onun sözlərinə görə, artıq uzun müddətdir, Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla münasibətlərin normallaşması üçün müəyyən addımlar atıb:
"Qardaş ölkənin öz hava məkanını Ermənistan təyyarələri üçün açması, üçüncü ölkənin vətəndaşlarının sərhəddən götürülməsi, eyni zamanda ticarət əlaqələrinin qurulması ilə bağlı müəyyən razılaşmaların əldə olunması və s. məsələlər Türkiyənin jesti kimi dəyərləndirilə bilər. Amma görünən odur ki, Ermənistan buna razılaşmayıb. Bu da nəticə etibarilə ermənilərin niyyətinin heç də saf olmadığını göstərir. 

Həmçinin bir müddət öncə düşmən ölkədə Azərbaycan bayrağı yandırıldı, bütün bunlar gözlə görünən faktlardır. Əlbəttə ki, Türkiyə dövləti güzəştə gedir, amma xeyri yoxdur. Qardaş ölkə Ermənistanda Osmanlı hərbi - siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin qoyulmasını pisləyir.

 Deməli, düşmən ölkədəki mövcud hökumət, həmçinin bəzi qruplar rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin normallaşmasına o qədər də isti yanaşmırlar. Bütün bunlar münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Türkiyə bir neçə dəfə güzəştə gedə bilər. 

Müəyyən müddətdən sonra güzəşt də bitir. Ermənistanın qeyri-konstruktiv addımları onu çətin vəziyyətə salıb, həm də Türkiyə ilə əlaqələrinin qopmasına gətirib, çıxarır. Rəsmi İrəvanın rəsmi Bakı ilə münasibətlərinin normallaşdığı təqdirdə tərəflər arasında diplomatik əlaqənin qurula biləcəyini gözləmək olardı. Lakin görünür, Ermənistan bunu istəmir. Çavuşoğlu da açıqlaması ilə Ermənistan-Türkiyə münasibətlərinin hansı vəziyyətdə olduğunu bəlli etdi".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibə verib. Türkiyəli nazir bildirib ki, ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır.