"Prezident İlham Əliyevin fikirləri doğru istiqamətdədir. Hazırda sivil dünyanın əsas problem yaşadığı ölkələrin ikisi də Ermənistanın yanında yer alıb".
Bunu "Sherg.az"a ReAL Partiyasının sədr müavini Natiq Cəfərli Prezident İlham Əliyevin İranla Ermənistan arasındakı münasibətləri barədə fikirlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, İran və Rusiya Ermənistanın iki böyük müttəfiqidir:
"Amma mövcud məsələni, problemi dünyada tanıtmağa çalışmalıyıq ki, bəzi ölkələrin də haqsız və hüquqsuz olaraq, ermənilərin yalan mövqelərinə ortaqlıq etməsini dəyişə bilək. Çünki bu, qeyri-səmimi olur. Azərbaycan Ukraynaya ən çox humanitar yardım göndərən ölkələrdən biridir. İranla ciddi problemlər yaşanır.
Amma yerli-yersiz bəzi dövlətlər Ermənistanı dəstəkləməyə çalışırlar. Dövlət başçımızın sözügedən çıxışının da təsirlərini artırmaq üçün media məkanında ciddi bir kampaniya aparılmalıdır. Ermənistanın yanında olan İran və Rusiya Azərbaycana qarşı birgə addımların atılmasında öz hərəkətlərini koordinasiya edirlər. Yəni bu, ölkəmizin haqq işində beynəlxalq hüquqa uyğun olaraq, addımlarına da dəstək verəcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda iştirak edib. Dövlət başçısı bildirib:
"Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar".