Qriqoryan ABŞ-nin tələblərini icra etməyə məcburdur - TƏHLİL

Vaşinqtonun indiki maraqları rəsmi Bakının maraqları ilə üst-üstə düşür
“Ermənistan Təhlükəsizlik Şurasının katibi İrəvan hakimiyyətini qoruyan ən güclü fiqurlardan biridir”


  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfər edib. Səfər zamanı onun ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və digər yüksəkvəzifəli rəsmilərlə görüşdüyü deyilir. 

Qriqoryanın səfərinin xarici işlər nazirlərinin Vaşinqton görüşündən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Vurğulanır ki, Qriqoryan Amerika kəşfiyyatına yaxın kadr sayılır. Erməni politoloq Artur Tovmasyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-yə tələsik səfəri Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. O iddia edib ki, Qərbin təzyiqi altında İrəvan separatçı Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq.

  Armen Qriqoryanın Vaşinqtona təcili səfərini "Sherg.az"a təhlil edən siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Cümşüd Nuriyev deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi İrəvan hakimiyyətini qoruyan ən güclü fiqurlardan biridir. Professorun qənaətincə, Qriqoryan ABŞ-nin kəşfiyyat orqanlarına birbaşa bağlı şəxsdir:


 "Ola bilər, Amerika kəşfiyyatı Qriqoryanın ikili mövqedə olmasından şübhələnib. Qriqoryan kilsəyə çox bağlıdır və ermənilərin katolikosu İkinci Qareginin yaxın qohumudur. Buna baxmayaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibi istənilən halda Vaşinqtonun tələblərini icra etməyə məcburdur. Amerikaya da buna görə təcili çağırılıb. Baş nazir Nikol Paşinyan bəyan etdi ki, sülh müqaviləsinin mətni yetərsizdir. Halbuki Azərbaycan tərəfi İrəvana təklif etdiyi və dünyanın qəbul etdiyi 5 əsas prinsiplə sənədə imza atmağa hazırdır. Görünür, ABŞ liderlərin Brüssel görüşü öncəsi ən azından sülh müqaviləsinin çərçivə sənədini görmək istəyir". 
  Müsahibimiz vurğulayıb ki, Vaşinqton ilkin razılaşmaların əldə olunmasında maraqlı tərəfdir və gözəl bilir ki, bunlar Qriqoryandan asılı məsələlərdir: "Qriqoryan Ermənistanda baş nazir və xarici işlər nazirindən daha çox siyasi qərar vermək səlahiyyətinə malik şəxs kimi dəyərləndirilir. ABŞ danışıqlar prosesində təşəbbüsü Rusiyaya verməyi düşünmür, hətta bəzən Avropaya da qısqanc yanaşır. Biz də ABŞ-nin vasitəçiliyinə ciddi yanaşırıq. Dövlət başçısı İlham Əliyevin həmkarı C.Baydenə təbrik məktubunda bu məsələ xüsusi vurğulanmışdı. Əlbəttə, Ağ Ev çalışır ki, Cənubi Qafqazda sülh prosesi Vaşinqtonun maraqları çərçivəsində yekunlaşsın. Vaşinqtonun indiki maraqları isə rəsmi Bakının maraqları ilə üst-üstə düşür".