Prezidentin mesajı qətiyyətli və prinsipialdır 

Paşinyan rəsmi Bakının tələbləri ilə razılaşmazsa, "Qisas 3" əməliyyatı istənilən vaxt başlaya bilər

  Prezident İlham Əliyev Qoşulmama Hərəkatının görüşündə Qarabağla bağlı tələbləri elan etdi. Dövlət başçısı vurğuladı ki, Ermənistanın silahlı qüvvələri Qarabağdan çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir. Bir daha bəyan edildi ki, erməni qoşunlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” dedikləri dəstələr də təslim olmalıdır. 

Ekspertlərin fikrincə, atəş açılmadan İrəvanın bu öhdəliyini icra edəcəyi, separatçıların tərk-silah olmağa razı olacağı ehtimalı azdır. Bu baxımdan dövlət başçısının QH-nin görüşündə bu tələbləri dilə gətirməsi atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması kimi qəbul edilə bilər. 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, dövlət başçısı İlham Əliyevin Qarabağ separatçıları ilə bağlı mesajı qətiyyətli və prinsipialdır. Ekspertin sözlərinə görə, ölkə rəhbərinin sərt açıqlaması sıradan bəyanat deyil:

 "Prezident öz mesajları ilə həm də məsələni növbəti dəfə beynəlxalq təşkilatların diqqətinə çatdırdı, qlobal miqyasa daşıdı. Əgər Azərbaycan Ordusu yaxın günlərdə Qarabağda anti-terror əməliyyatlarına başlasa, beynəlxalq təşkilatlardan Azərbaycana qarşı hansısa bəyanat, mənfi açıqlama gündəmə gəlməyəcək. Əksinə, Ermənistan tərəfi suçlanacaq. Bu, uğurlu diplomatik gedişdir. Erməni tərəfi mütləq şəkildə mesajlardan düzgün nəticə çıxartmalıdır. Fikrimcə, Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə bu məsələ masaya yatırılacaq. Cənab Prezidentin cavabı, mövqeyi birmənalıdır. Paşinyan rəsmi Bakının tələbləri ilə razılaşmazsa, "Qisas 3" əməliyyatı istənilən vaxt başlaya bilər. Tərəflər arasında sülhü təhdid edən əsas məqam silahlı birləşmələr və Ermənistan ordusunun Qarabağdakı qalıqlarıdır. Rusiya və Ermənistan hökuməti Qarabağdakı silahlı dəstələrdən Azərbaycana qarşı istifadə edirlər. Ona görə də bu məsələnin beynəlxalq müstəviyə çıxarılması vacib addımdır".