Bir gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan “iclas” keçirib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Arutyunyan quldur dəstəsinin üzvlərini bir araya toplayaraq Bakı ilə “dialoqa hazır olduqlarını” bildirib. Lakin o, Rusiyanın vasitəçi rolunu üzərinə götürməli olduğunu deyib.
“Onlar ABŞ-ın vasitəçiliyini rədd edirlər, çünki Vaşinqton Qarabağ ermənilərini Azərbaycanla inteqrasiyaya sövq edir, ruslarla isə bundan qaçmaq şansı hələ də var” – deyə “Hraparak” qəzeti yazır.
Separatçılar “Bakı ilə danışıqların Rusiya Federasiyasının vasitəçiliyi ilə aparılacağına” ümid edirlər. Əlbəttə, rəsmi Bakı bu şərti qətiyyətlə rədd edir. Çünki bu, Azərbaycanın daxili işidir və Qarabağ danışıqlar tərəfi deyil. Seperatçıların rəhbəri Arayik Arutyunyan isə Rusiyanın "qucağından" çıxmaq istəmir.
Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az" açıqlamasında deyib ki, seperatçıların lideri Arayik Arutyunyan özbaşına fiqur deyil:
“Onu ora təyin edən, dəstəkləyən, yardım göstərən, onları qondarma soyqrımıdan qoruyan Rusiyadır. Rusiyanın da kömək qarşılığında tələbləri var; bölgədə sülh sahibi olmaq, Qarabağda əsgərlər yerləşdirməklə bütün Qafqaza nəzarət etmək, 200 illik rus siyasətinin davamlılığını təmin etmək.
Amma Rusiya sülhməramlılarının Qarabağdakı statusu buna imkan vermir. Onların bu və ya digər fəaliyyətlərinə legitimlik qazandırmaq üçün Rusiya yönətiminin əlinə ciddi alət lazımdır. Alət isə Qarabağ erməniləridir.
Rusiya Azərbaycanda hərbi qüvvələrini artırdığı təqdirdə orda yaşayan erməni əsilli rus vətəndaşlarının qorunmasını gündəmə gətirə bilər. Eyni hadisə 2008-ci ildə Gürcüstanda Abxaziya bölgəsində baş vermişdi. Rusiya Abxaziyanı, Osetiyanı Gürcüstandan ayırdı və müstəqilliyini tanıdı. Proseslərin belə cərəyan etməsini heç kəs istəmir. İnteqrasiya məsələsinin həllini tapması bizim üçün çox vacibdir. Arayik, Putin, Lavrov kimilər nə fikirləşirlər, fikirləşsinlər. Azərbaycan özünməxsus xarici və hərbi siyasəti ilə intyeqrasiya prosesini həll edəcək”.