Beynəlxalq aləmin Bakıya dəstəyi separatçıları təşvişə salıb

Arutyunyanın rəhbərlik etdiyi separatçı rejim tezliklə buraxıla, özü isə Bakıya təhvil verilə bilər

 Separatçı Araik Arutyunyanın Rusiya rəhbəri Vladimir Putinə məktub yazdığı deyilir. Yayılan xəbərlərə görə, baş separatçı məktubunda Rusiya liderindən Qarabağla bağlı nə edəcəkləri sualına cavab istəyib. Separatçılar Ermənistan Baş naziri Nikol Paşinyana yox, Putinə inandıqlarını deyiblər.

 Prezident İlham Əliyev bundan əvvəl separatçı rejimi özünü buraxmağa və təslim olmağa çağırıb. Dövlət başçısı təslim olacaqları təqdirdə onlara amnistiyanın şamil oluna biləcəyini istisna etməyib. Görünür, ölkə başçısının sərt tələbi və ona beynəlxalq aləmin dəstəyi separatçıları təşvişə salıb.
 
 Politoloq Samir Əsədli "Sherg.az"a deyib ki, Rusiya sülhməramlıları Qarabağdakı separatçı rejimin qoruyucusu funksiyasını yerinə yetirir. 

Ekspertin sözlərinə görə, separatçıların başçısının çıxılmaz durumda Rusiya prezidentinə üz tutması bundan xəbər verir: 

"Paşinyan hakimiyyətinin hərəkətləri, açıqlamaları Qarabağdakı qondarma strukturun maraqlarına cavab vermir. Prezidentin separatçıların Azərbaycana təslim olmaq barədə tələbi Ermənistanda geniş müzakirə olunmaqdadır. Erməni mediasının iddiasına görə, Araik Arutyunyanın rəhbərlik etdiyi separatçı rejim tezliklə buraxıla, özü isə Bakıya təhvil verilə bilər. Belə məqamda Putinə məktub "suda boğulan şəxsin saman çöpündən yapışması" kimi bir şeydir. Ancaq proses Azərbaycanın maraqlarına uyğun bitəcək və bölgədəki separatçı rejimə son qoyulacaq. Əgər ermənilər verilmiş şansdan istifadə etməsələr, onlara aministiya da şamil olunmayacaq".