Paşinyanın təkzib taktikası fayda verməyəcək

Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq


  "Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağdakı erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edib ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur". 

Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Nikol Paşinyan təkzib taktikasını davam etdirsə də, “Qisas 2” əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini zəiflədir: 
"Bakı iki erməni hərbçinin meyitini nümayişkaranə formada qaytarmaqla Qarabağda erməni ordusunun qaldığı faktını beynəlxalq müstəvidə göstərdi və onlara qarşı atacağı addımları legitimləşdirdi. Bu faktdan sonra Paşinyanın “Qarabağda erməni ordusu yoxdur” iddiasını yenidən davam etdirməsi o deməkdir ki, Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq. Həmçinin mümkün əməliyyatlarda məhv edilən bu hərbçilərin meyitləri İrəvana qaytarılmayacaq.

 Bu, Paşinyan hökumətini həmin hərbçilərin ailələri qarşısında çətin vəziyyətə sala bilər. 44 günlük müharibədən sonra Ermənistan hökumətinin ölən hərbçilərin yaxınları ilə problemləri hələ də davam edir. Nikolun iddiasından əl çəkməməsi və erməni qoşunlarını çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur".