Fransa tənqidlərdən düzgün nəticə çıxarmalıdır

Prezident İlham Əliyevin son fikirləri Makron üçün əsl siyasi dərsdir
  Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının iclasında səsləndirdiyi fikirlərin dünyanın bir sıra siyasi mərkəzlərində və həmçinin dünya mediasında təqdirlə qarşılanması, rezonans doğurması gözlənilən idi. Çünki dövlət başçımızın toxunduğu məsələlər təkcə Azərbaycan üçün, Cənubi Qafqaz üçün və Qoşulmama Hərəkatının (QH) üzvləri üçün deyil, həmçinin bütövlükdə dünya birliyi üçün vacib əhəmiyyət daşıyan, aktuallıq kəsb edən məsələlərdir. Cənab Prezident mötəbər toplantıda bir daha bəyan etdi ki, Azərbaycan qlobal həmrəyliyə böyük önəm verir, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqini vacib hesab edir. Bu məsələlər Azərbaycanın xarici siyasət gündəliyində öndə duran məsələlər sırasındadır. Dövlət başçısı çıxışında geniş vüsət alan islamafobiya və ksenofobiya hallarından, həmçinin islamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahat olduğumuzu dilə gətirdi. Bəzi Avropa ölkələrində müqəddəs “Qurani-Kərim”in yandırılması, təhqir olunmasının və buna ifadə azadlığı adı altında bəraət qazandırılmasının tamamilə məsuliyyətsizlik və qəbulolunmaz olduğunu bildirdi.
  Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan islamafobiyaya qarşı fəal mübarizə aparılmasının tərəfdarıdır. İsveçdə "Quran"ın yandırılmasına diqqət çəkən ekspertin sözlərinə görə, tələbimiz budur ki, özünü “mədəniyyətin beşiyi”, “müasir sivilizasiyanın mərkəzi” sayan ölkələrdə bu cür kriminal hərəkətlərə icazə verilməməli və bu hərəkətlər sərt şəkildə qınanmalıdır: "Müsəlman ölkələri isə bu kimi islamafobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmaq üçün həmrəylik və əməkdaşlıq səylərini gücləndirməlidirlər. Azərbaycan Prezidenti sözügedən çıxışında bütün beynəlxalq ictimaiyyət üçün olduqca önəmli məqamlardan birinə toxunaraq hazırda beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğuladı. Qeyd edildi ki, BMT-də ciddi islahatların aparılması qaçılmazdır. Heç kimə sirr deyil ki, qurumun Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Prezident təşkilatla bağlı sərt qınağını davam etdirərək bildirdi ki, Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Ölkə rəhbəri Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürdü. Bəli, bundan sonra Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına mütləq daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Görüş iştirakçıları Azərbaycan Prezidentinin bu fikirlərini böyük razılıq hissilə qarşıladılar. Dünya birliyi Qoşulmama Hərəkatının bu tələbi ilə hesablaşmalı və islahatlara getməlidir".


  Ə.Hüseynova görə, dövlət başçısının çıxışında xüsusilə qabardılan digər mühüm məqamlardan biri də neokolonializm siyasətinin qəbuledilməzliyi ilə bağlı oldu: "Azərbaycan neokolonializm meyillərinin artmasından həqiqətən də olduqca narahatdır. Qoşulmama Hərəkatı da bu məsələdə Azərbaycanın mövqeyi ilə tam həmrəydir. Çünki Qoşulmama Hərəkatının özü də məhz dekolonizasiya prosesinin nəticəsində yaranıb və dünyanın əsas siyasi aktorlarından birinə çevrilib. Ona görə də Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparması və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməsi hava-su kimi vacibdir. Prezident İlham Əliyev çıxışı zamanı hazırda dünyada neokolonializm siyasətinin başında məhz Fransanın dayandığını qeyd etdi və bu ölkənin liderinin açıq-aşkar neokolonializm, ksenofobiya, islamafobiya, irqçilik siyasəti yürütdüyünü cəsarətlə pislədi. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışmağına son qoymalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi".
  Ekspert xatırladıb ki, məhz Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli amansızcasına qətlə yetirilib: "Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Lakin hazırkı Fransa hökuməti bütün bu iyrəncliklərə son vermək əvəzinə, ölkədə irqçilik meyillərini, islamafobiyanı daha da qızışdırır. İslamafobiya artıq Fransanın rəsmi dövlət siyasətinə çevrilib. Çünki Fransada islamafobiya bu ölkənin müstəmləkəçilik tarixindən qaynaqlanır. Makronun prezidentliyi dönəmində isə fransız hökumətinin yürütdüyü irqçi siyasət bu ölkədə islamafobiyanın, islam düşmənçiliyinin daha da geniş vüsət almasına təkan verib. Prezident bu yaxınlarda Nael adlı əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsindən danışdı. Bu tükürpərdici hadisənin Fransada irqçiliyin və islamafobiyanın daha bir əlaməti olduğunu bildirdi. Ən pisi də budur ki, Fransada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Ona görə də BMT-nin fransız polisinin 17 yaşlı yeniyetməyə atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını hamımız dəstəkləməliyik. Azərbaycan bu bəyanatı birmənalı dəstəkləyir. Dövlət başçısı Fransanın öz müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğu faktını da məxsusi qeyd etdi. Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyibsə, Fransa da eyni addımı atmalıdır. Biz Fransanı da həmin hərəkəti etməyə çağırırıq".
  QHT sədri vurğulayıb ki, Prezident həmçinin tamamilə haqlı olaraq Fransanı digər ölkələrin daxili işlərinə qarışmaqda, o cümlədən erməni separatizmini məqsədyönlü şəkildə körükləməkdə təqsirləndirdi: "Maraqlısı budur ki, Fransa öz daxilindəki etnik qrupların hər hansı separatçılıq meyillərinə qarşı olduqca amansız yanaşır. O cümlədən, hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir. Lakin eyni zamanda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır, onları bu və ya digər üsullarla separatçılığa təhrik edir. Ölkə rəhbəri İlham Əliyev tamamilə haqlı olaraq Fransanın bu davranışını riyakarlıq və ikili standartların təzahürü kimi qiymətləndirdi. Makrona da tövsiyə etdi ki, Fransa lideri başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır. Bu, çox yerində verilmiş tövsiyədir. Ümumiyyətlə, Prezident İlham Əliyevin son fikirləri Makron üçün əsl siyasi dərsdir. Fransa Prezidenti İlham Əliyevin haqlı tənqidlərindən düzgün nəticə çıxarmalıdır".