"Terror aktı cəhdləri şəxsi və ya fərdi maraqlardan irəli gəlmir. Xarici ölkələrin Azərbaycandakı xüsusi agentlərinin vasitəsilə həyata keçirilir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turab Rzayev bildirib. Onun sözlərinə görə, terror aktı cəhdinə məhz əfqanıstanlı vətəndaşın cəlb edilməsi xüsusi əhəmiyyətə malik deyil:
"Böyük ehtimal Azərbaycanla siyasi münasibətləri gərgin olan kənar ölkələrdən birinin əlaltısına çevrilib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının vaxtında reaksiya verməsi təqdirə layiq addımdır. Bu cəmiyyətə güvən qazandırır. Eləcə də, xarici dövlətlərə mesajdır. Nə qədər çirkin terror aktları planlayıb, sabitliyi pozmağa çalışsalar da, Azərbaycanın təhlükəsizlik xidməti orqanları kifayət qədər ayıq-sayıqdır, cəhdlərin qarşısını alacaq".
Qeyd edək ki, Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. DTX-nin apardığı araşdırmalara görə, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.