“Ermənistanın Türkiyəsiz Qərbə inteqrsiyası çox çətindir”

Ermənistan-Türkiyə münasibətləri üzrə nümayəndə Ruben Rubinyan Ankara ilə danışıqlardan bəhs edib. O bildirib ki, Türkiyə Ermənistana Azərbaycanla münasibətləri tənzimləmək üçün bir ay vaxt verib, onun sözlərinə görə, söhbət normallaşmadan gedir: "Türkiyə ilə də münasibətlərin normallaşması bundan asılıdır. Ermənistan bu müddətdə Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirə bilməsə, o zaman Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi unudula, arxivə göndərilə bilər". 

Məsələni "Sherg.az"a şərh edən politoloq Turab Rzayev açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin Ermənistana təzyiqləri gec-tez öz effektini verməlidir.
 
Analitikin sözlərinə görə, 2 milyonluq kiçik Ermənistanın 85 milyon əhalisi olan Türkiyə və 10 milyon əhaliyə sahib Azərbaycana düşmən münasibətdə olması və blokoda vəziyyətində regionda ayaqda qalması qeyri-mümkündür: 

"Türkiyə və Azərbaycanla düşmənçiliyi davam etdirməklə Ermənistan öz dövlətçiliyini də itirə bilər. Nəzərə alaq ki, Türkiyə siyasi, hərbi və iqtisadi cəhətdən regionun güclənən dövlətidir. Eyni zamanda Azərbaycan da Türkiyə ilə sıx əməkdaşlıq etməklə öz siyasi-hərbi, iqtisadi qüdrətini artırmaqdadır. Əgər Ermənistan Cənubi Qafqaz bölgəsində ayaqda qalmaq istəyirsə, həm Bakı, həm də Ankara ilə münasibətləri normallaşdırmalıdır. Digər yandan İrəvan hökuməti Rusiyanın caynaqlarından xilas olaraq Qərbə doğru inteqrasiya etmək istəyir. Bu prosesdə də Qərbdən dəstək alır. Ancaq məsələ ondadır ki, Ermənistanın Türkiyəsiz Qərbə inteqrsiyası çox çətindir. Ermənistanın Qərbə çıxışı Türkiyə üzərindəndir. Türkiyə həm də NATO ölkəsi kimi Ermənistanı Rusiyanın aqressiyasından qoruya bilər". 

T.Rzayev vurğulayıb ki, iqtisadi və logistik məkan olaraq Türkiyə çox önəm kəsb edir: 

"Ankara da açıq şəkildə şərt qoyur ki, İrəvanla problemlər kompleks şəkildə həllini tapmalıdır. Yəni Ermənistan Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməlidir. Türkiyə ilə ayrı, Ermənistanla ayrı formada danışıq və münasibətlərin normallaşması qeyri-mümkündür. İrəvan hökuməti də bunu yaxşı başa düşür ki, ölkənin təhlükəsizliyi, iqtisadi rifahı üçün Türkiyə və Azərbaycan qaçılmazdır. Düşünürəm ki, Türkiyə və Azərbaycanın təzyiqləri Ermənistanı sülhə yönəldə bilər".