“Paşinyan asılı liderdir” - Politoloq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub. “İravunk” nəşri məlumat yayıb ki, ABŞ tərəfindən Qriqoryana yeddi tələb təqdim olunub. Qeyd olunub ki, sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır. Həmçinin, Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir. Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir. Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir. Zəngəzur dəhlizinin beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır. Ermənistanın Qarabağdan tamamilə imtina etməlidir.

Mövzunu "Sherg.az"a dəyərləndirən Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, Ermənistan tərəfindən gündəmə gətirilən tələblər Azərbaycanın maraqlarına uyğundur. 

Analitik bildirib ki, əsas məsələ Ermənistan hökumətinin həmin tələbləri qeyd-şərtsiz qəbul etməsidir: 

"Əgər Ermənistan ABŞ-ın İrəvan hakimiyyətinin qarşısında qoyduğu tələbləri yerinə yetirərsə, Bakı üçün çox yaxşı olar. Çünki sadalanan şərtlər maraqlarımıza tam uyğundur. Amma sözün açığı, ortada belə tələblər varsa belə Ermənistanın bunu icra edəcəyini söyləmək çətindir. Nikol Paşinyanın bəzi məsələlərdə niyyəti olsa da, asılı liderdir. Ermənistanda radikal müxalifət, revanşist qüvvələr var. Həmçinin, Rusiyanın Gümrüdə hərbi bazası mövcuddur. "Rusiyanın Ukrayna müharibəsini uduzması Ermənistanın sonu olacaq" deyən Paşinyanın bu sözün ardınca, rus hərbi bazasını ölkədən çıxarmaq qərarı alması çox öz hakimiyyəti üçüb risklidir. Ancaq qeyd olunan tələblər Ermənistan dövlətinin, xalqının qurtuluş yoludur. Bundan sonra Ermənistan normal ölkəyə çevrilə bilər". 

Ə.Məmmədli vurğulayıb ki, dövlət xadimini siyasətçidən fərqləndirən amillər var: 

"Siyasətçi hər zaman qarşıdakı seçkiləri düşünür. Dövlət xadimi isə dövlətin gələcəyini əsas götürür. Əgər Paşinyan da dövlət xadimi olmaq istəyirsə, öz ölkəsinin gələcəyi, xilası üçün bəhs edilən tələbləri yerinə yetirməlidir. Paşinyanın adi siyasətçi, yaxud dövlət xadimi olacağını yaxın zamanda görəcəyik. Fikrimcə, baş nazir hələlik özünü siyasətçi kimi aparır".