Zaman Xankəndiyə ərzağın Bakıdan göndərilməsi zərurətini yaradacaq - ŞƏRH 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Droqan Kojiçlə görüşüb. Görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov bildirib ki, 15 iyun tarixində məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir. Həmçinin, Azərbaycanın Qırmızı Xaç Komitəsinə Ağdam-Xankəndi yolu ilə Qarabağa humanitar yardımların aparılması təklifi edilib. Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Bakı BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə yenidən şərait yaradacaq. Lakin yük maşınları ilə bağlı qərar qüvvədədir. 

Analitikin fikrincə, erməni sakinlərin tədarük ehtiyaclarını Azərbaycan öz üzərinə götürmək niyyətindədir və bu məsələdə israrlı olduğu görünür: 

"Bakı tərəfindən artıq ikinci dəfə təklif olunur. Lakin BQXK heç bir cavab verməyib. Bunun reallaşması erməni əhalisinin reinteqrasiyası istiqamətində həlledici addım olacaq. Buna görə separatçılar razılaşmır. Ermənistan və Rusiya da qarşı çıxır. Hərçənd, zaman Xankəndiyə ərzağın Bakıdan göndərilməsi zərurətini yaradacaq. Ermənilərin “humanitar fəlakət” taktikası işləmir. Çünki Azərbaycanın öz ərazisindəki əhalinin təminatını üzərinə götürmək istəyi bu iddiaları çürüdən amildir. Separatçılar sona qədər erməni əhalisi üzərində nəzarəti saxlaya bilməyəcək. Zəruri ehtiyacların ödənməsi təlabatı Bakının təklifinin qəbul edilməsi şərtlərini yetişdirir. Görünən budur ki, rəsmi Bakı səbrlə proseslərin inkişafını izləyir".