Kreml yenə də separatçı rejimə dəstək verir  - EKSPERT

Rusiya Azərbaycanın müttəfiqi ola bilməz

Bakı 10 noyabr sazişində çıxmalı və Türkiyə ilə daha sıx hərbi əməkdaşlığa başlamalıdır


“Rusiya Xarici İşlər Nazirliyinin ərazi bütövlüyümüzü və suverenliyimizi Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. Qeyd olunub ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir: “Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır. Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib”. Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Ermənistan rəhbərliyinin qərarı üçtərəfli bəyanatın fundamental şərtləri, eləcə də bölgədə yerləşən Rusiya sülhməramlı qoşunlarının vəziyyətini kökündən dəyişib: “Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır. Bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları olmalıdır". Həmçinin vurğulanıb ki, Qarabağ ətrafında vəziyyətin neqativ ssenaridə inkişaf etməsi narahatlıq doğurur: "Ərazidə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bunun ən dramatik nəticələri Qarabağ erməniləri, bölgə sakinləri üçün ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”. 

Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, Rusiya bu bəyanatı ilə rəsmi Bakını şantaj edir: "Rusiya bir faha nümayiş etdirdi ki, Azərbaycanın müttəfiqi ola bilməz. Moskva yenə də separatçı rejimə dəstək verir. Moskvanın bu bəyanatı onun uzun müddətə Qarabağda qalmağa çalışmaq niyyətini göstərir. Onların bu addımı separatçı rejimi gücləndirmək, təxribatları artırmaqla bütövlükdə Cənubi Qafqazda qalmaq və mümkün olsa hərbi mövcudluqlarını daha da genişləndirmək məqsədi güdür. Düşünürəm ki, Bakı 10 noyabr sazişində çıxmalı və Türkiyə ilə daha sıx hərbi əməkdaşlığa başlamalıdır".