"3800 km" sərhəd ərazisi hardan çıxdı?  - AB missiyasının qeyri-müəyyən işləri

"Bizim müşahidəçilər hər gün Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarının 3800 km-ə yaxın ərazisində patrul xidməti aparır". Bu barədə AB-nin Ermənistandakı missiyası məlumat yayıb. Vurğulanıb ki, silahsız mülki AB missiyasının mandatı təhlükəsizlik vəziyyət haqqında hesabat vermək və insidentlərdən sonra yerində yoxlanılmış məlumat toplamaqdır. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu qeyd olunan rəqəmdən 3 dəfə azdır. Buna görə də AB müşahidəçilərinin “3800 km-ə yaxın” sərhəd ərazisini necə “patrul” etdiyi diqqət çəkib. 

Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin ümumi uzunluğu 1007 km-dir: "Belə çıxır ki, avropalılar öz öhdələrinə götürdükləri ərazilərdən az qala 4 dəfə çox nəzarət edirlər. Məncə, Naxçıvan bölgəsi də missiyanın fəaliyyət zonasına daxil deyil. Məsələ ondadır ki, Ermənistanın sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. "3800 km" hardan çıxdı? Əslində AB-nin açıqlaması göstərir ki, missiya qeyri-müəyyən işlərlə məşğul olur. Daha doğrusu fəaliyyət göstərmək əvəzinə ictimaiyyətin gözünə kül üfürməklə məşğul olurlar. Bu missiyanın konkret heç bir faydası yoxdur. Dəfələrlə bildirmişik ki, birtərəfli missiyanın ümumi prosesə dəstəyi, köməyi dəyə bilməz. Çünki Aİ-nin "xüsusi missiyası" sadəcə Ermənistanın razılığı ilə bölgədə fəaliyyət göstərir. Azərbaycan isə haqlı olaraq bu missiya ilə əməkdaşlığa lüzum görmür. Əhəmiyyətsiz olacağını yaxşı bilirik. Biz konkret və faydalı əməli addımların tərəfdarıyıq. Simvolik hərəkətləri, təsirsiz bəyanatları qəbul etmirik".