İranla Küveyt arasında münasibətlər gərginləşib


Tehranın qaz yatağına görə Küveyt və Səudiyyə Ərəbistanı ilə mübahisəyə başlaması onun xeyrinə olmayacaq


  İran və Səudiyyə Ərəbistanı bir müddət əvvəl Çinin vasitəçiliyi ilə barışmışdı. Pekin bu iki dövləti barışdırmaq üçün xeyli əziyyət çəkmişdi. İran və Səudiyyə Ərəbistanı təmsilçiləri aylarla Çində danışıqlar aparmışdılar. Nəticədə iki ölkə arasında diplomatik əlaqələr bərpa olunmuş, səfirliklər yenidən fəaliyyətə başlamışdı. Ancaq Tehran normallaşan gedişatı yenidən pozdu. İran Bəsrə körfəzindəki Əl-Dura qaz yatağına iddiasını ortaya qoydu. Halbuki yatağın böyük hissəsi Küveytin ərazisindədir. Nəticədə İranla Küveyt arasında münasibətlər gərginləşib. Tehran məsələyə aydınlıq gətirilməsini gözləmədən qaz yatağında qazma işlərinə başlamaq ərəfəsindədir. 
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Küveyt Bəsrə körfəzində İranla sərhədlərin müəyyənləşməsinin tərəfdarıdır. Tehran isə beynəlxalq hüquqla hesablaşmaq istəmir. Yatağın adını “Arəş” qoyaraq çalışmalara başlamaq niyyətindədir:
"Tehran onu da nəzərə almalıydı ki, bu yatağın birgə işlədilməsi ilə bağlı Küveytlə Səudiyyə Ərəbistanı arasında saziş mövcuddur. İranın qaz yatağında çalışmalara başlamaq istəyi Küveytlə yanaşı Səudiyyə Ərəbistanının da maraqlarına ziddir. Bu səbəbdən Səudiyyə Ərəbistanı birmənalı şəkildə Küyevti dəstəkləyib. Beynəlxalq ekspertlər də hesab edirlər ki, qaz yatağının böyük hissəsi Küveytə aiddir və Tehranın iddiaları əsassızdır. Küveyt bölgədəki münaqişələrə qarışmır, neytral xarici siyasət yürüdür. Küveytin İranla münasibətləri də gərginləşdirmək fikri yox idi. Ancaq Tehranın məlum yatağı özününküləşdirməyə çalışması Küveyti müqavimət göstərməyə məcbur edib. Beləliklə, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə yenidən gərginlik yaranıb. Görünür, Çində aparılan danışıqlarda körfəzdəki qaz yatağı məsələsinə ya diqqət yetirilməyib, ya da bu mövzu ümumiyyətlə unudulub. İran körfəz ölkələri ilə münasibətlərdə gərginlik yaratmaqla vasitəçi kimi çıxış edən Çini də çətin vəziyyətdə qoyub. Tehran Pekinin vasitəçilik missiyasına zərbə vurub.  Bu, Pekin-Tehran münasibətlərinə də mənfi təsir edə bilər".
  Analitik xatırladıb ki, Tehran keçmiş illərdə eyniylə Azərbaycana da Xəzərdəki bəzi yataqlarında çalışmalarına mane olmaq istəyirdi: "Tehran Azərbaycana aid olan yataqları “mübahisəli” adlandırırdı. Tehran bu zaman Xəzərdə sərhədlərin müəyyənləşməməsinə istinad edirdi. Ancaq bu, bəhanə idi. Tehran sadəcə, Azərbaycanın Qərbin neft şirkətləriylə imzaladığı sazişlərin reallaşmasına mane olmaq istəyirdi. Alınmadı. İranın qaz yatağına görə Küveyt və Səudiyyə Ərəbistanı ilə mübahisəyə başlaması da onun xeyrinə olmayacaq. Vaxtilə İraqın diktatoru Səddam Hüseyn Küveytə basqın etdi. Nəticəsi İraq və Səddam Hüseyn üçün yaxşı olmadı".