Ermənilər "Azərbaycan" deyirlər  - ŞƏRH

Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşmüş hərbçilərinin valideynləri İrəvana yollanaraq, hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Ermənistan mətbuatının məlumatına görə, onlar Nikol Paşinyanla görüş tələb edirlər. Erməni valideyn qeyd edib ki, Paşinyan boş vədlər verir:
“Deyir, əsirlər təhvil veriləndə oğlunu qaytararıq. Mənə deyə bilərsinizmi, yaralılar, ölənlər və ya itkin düşənlər arasında hansısa kəndin ən əhəmiyyətsiz başçısının uşaqları var, ya yox? Bir yerdə göstərə bilərsiniz? Yaralı, ölən və itkin düşənlər arasında bir məmur övladı yoxdur. Yalnız kasıbların övladlarını götürüb cəhənnəmə göndərdilər, indi də bizi göndərmək istəyirlər. İnsanları gərəksiz addımlar atmağa məcbur etməsinlər, amma bəlkə buna qərar verərəm. Ola bilər ki, maşına bayraq taxıb Azərbaycana gedim. Deyəcəm ki, mən Azərbaycan vətəndaşı olmaq istəyirəm, Ermənistan vətəndaşı olmaq istəmirəm. Oğlumu mənə qaytarın, gedib Azərbaycan pasportu alım”.
Ermənistan hakimiyyəti sülh sazişinin bağlanmasını uzatdıqca, bunun qarşılığında təbii bir proses başlayıb. Ekspertlərin fikrincə, ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmək üçün fərdi qaydada müraciətləri kütləviləşə bilər.

Məsələni "Sherg.az"a dəyərləndirən politoloq Samir Hümbətov bildirib ki, 44 günlük Vətən müharibəsindən bəri erməni əsilli Azərbaycan vətəndaşları reinteqrasiya prosesinə qoşulmaq istəyirlər:

"Hətta ekoaktivistlərin aksiyası vaxtında erməni sakinlər onların yanına gəldi. Siqaretdən tutmuş ərzaqa qədər yararlandılar. 
 Şuşada və digər ərazilərdə olan yerli mənbələrdən aldığımız məlumatlara görə də, erməni sakinlər azərbaycanlılara yaxınlaşıb "vətəndaşlığı almaq istəyirik, lakin bizə imkan vermirlər" kimi fikirlər söyləyirlər. Sadə vətəndaş üçün qondarma, seperatçı rejimin təsiri altında qalmaqdansa, Azərbaycanın tərkibində yaşamaq daha məqsədəuyğundur. 
Əgər kütləvi əhali bunu istəyəcəksə, nə seperatçı rejim, nə də rus "sülhməramlıları" təsir göstərə bilməyəcək. Xalqın yekdil mövqeyi bütün qərarlara təsir edən amillərdəndir".