Separatçıların və sülhməramlıların saxta məlumatları ifşa olunacaq

"Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra ora daşınan humanitar yüklərin həcminə görə Qarabağda yaşayan erməni əhalisinin dəqiq sayını müəyyənləşdirmək mümkün olacaq"

  Ermənistan tərəfinin razılaşdırmadan Azərbaycan ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır.
  Bu səbəbdən də Ermənistandan Qarabağa  göndərilən ərzaq yardımı Laçın dəhlizinə buraxılmayıb. Qeyd edək ki, iyulun 26-da axşam 19 yük maşını Laçın dəhlizinin girişinə çatıb, ancaq saatlarla orada qalıb.
Qeyd edək ki, 15 iyunda Ermənistan hərbçilərinin Azərbaycan sərhədçilərinə qarşı silah tətbiq etməsi və bir sərhədçimizi yaralamasından sonra “Laçın” postu bağlanıb. Qarabağdakı erməni icması qida çatışmazlığının yaşandığını bildirsə də, Bakının Ağdamdan istənilən qida və digər məhsulları tədarük etmək təklifini rədd edir. Əvəzində isə Ermənistan Azərbaycanın razılığı olmadan “humanitar yardım” adı ilə Qarabağdakı separatçıların dövlətimizə və ərazi bütövlüyümüzə qəsd siyasətini dəstəklədiyini nümayiş etdirir. Bu, erməni təxribatının yeni metodudur.
 
Millət vəkili Azər Badamov isə “Sherg.az"a açıqlamasında deyib ki,  Azərbaycanın Qarabağda yaşayan ermənilərə humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq normalara və ölkəmizin qanunlarına əsaslanır. Çünki Qarabağ Azərbaycanın suverən ərazisidir və bura kənar dövlətdən yüklərin daşınması doğru deyil və  son qoyulmalıdır: “Azərbaycan ərazisinə gətirilən mallara Ermənistanın dövlət  büdcəsinə vergilər ödəməklə gətirilməsi heç bir məntiqə söykənmir. Digər tərəfdən, Qırmızı Xaç Komitəsi də humanitar daşımaları Ermənistana yox, Bakıya və ya digər ərazilərimizə təşkil etməlidir. Bu gün Laçın yolu vasitəsilə Ermənistana daşımaların həyata keçirilməsi ölkəmizin suverən hüquqlarına ziddir. Ağdam-Xankəndi yolundan istifadə olunması  Brüsseldə keçirilən görüş zamanı təklif edilib. Bu təklifi Şarl Mişel də yüksək dəyərləndirib. Ağdam-Xankəndi yolunun istifadə olunması xalqlarımızın inteqrasiyası prosesini sürətləndirər və regiona sülh gəlişini tezləşdirər. Amma Ermənistan və onun havadarları xalqların inteqrasiyasına qarşıdır və çalışırlar ki, Ağdam-Xankəndi yolu istifadə olunmasın. Ona görə də Rusiya sülhməramlılarının təşkilatçılığı ilə Xankəndidə aksiyalar keçirilir və Ağdam-Xankəndi yolunun açılmaması üçün yol beton bloklarla bağlanılıb. Hətta özünü saxta prezident adlandıran Araik də çadır qurub aksiyaçılara dəstək verdiyini ifadə edir. Burada sual yaranır ki, ermənilər və sülhməramlılar Ağdam–Xankəndi yolundan humanitar məqsədlər üçün istifadə olunmasına qarşı niyə çıxır?
  Birincisi, bu yoldan humanitar məqsədlər üçün istifadə olunması inteqrasiya prosesini sürətləndirər və sülh müqaviləsinin imzalanmaması üçün Ermənistanın başqa bəhanəsi qalmaz. 
  İkincisi,  Ermənistan və sülhməramlılar müharibə başa çatandan sonra Qarabağda  35 min erməninin yaşadığını bəyan etmişdisə, sonradan bu rəqəm süni şəkildə birdən-birə artırılaraq 120 minə qaldırıldı. Əslində Qarabağda 35 min  erməni belə yaşamır. Çünki Xankəndidə keçirilən saxta aksiyalara qoşulan insanların sayını kənardan saymaq o qədər də çətin deyil. Separatçılar və sülhməramlılar Qarabağın bütün erməni əhalisini aksiyalara cəlb etməyə çalışsalar da, ortaya bir şey çıxarda bilmirlər. Ona görə də aksiyaların videoçəkilişlərini edəndə kameranı yaxından və aşağıdan çəkməklə aksiyalarda insan iştirakının süni görüntüsünü yaratmağa çalışırlar. Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra ora daşınan humanitar yüklərin həcminə görə Qarabağda yaşayan erməni əhalisinin dəqiq sayını müəyyənləşdirmək mümkün olacaq. Bu da separatçıların və sülhməramlıların saxta məlumatlarını ifşa edəcək. Ona görə də onlar Ağdam-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsinin əleyhinədir”.
  Millət vəkili onu da deyib ki, Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra sülhməramlıların təminatını da Ermənistandan yox, bu yol vasitəsilə Azərbaycandan həyata keçirməyə məcbur olacaqlar. Bu da Rusiyanın Qafqazdakı maraqlarına uyğun gəlmir: “Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Ağdam Xankəndi yolunun istifadə olunması ermənilərin və sülhməramlıların istəyindən asılı olmayaraq yaxın zamanlarda reallaşmalıdır. Çünki Laçın yolu vasitəsilə suveren Azərbaycan dövlətinin ərazisinə qonşu Ermənistandan həyata keçirilməsi həm  beynəlxalq normalara, həm də Azərbaycan qanunlarına ziddir”.