Pentaqon bioloji təhlükələrdən qorunmağın vəziyyəti barədə hesabat hazırlayıb. Hesabatda bildirilir ki, Rusiya və Şimali Koreya aktiv şəkildə bioloji hücum silahlarının hazırlanması üzrə proqramları dəstəkləyirlər.
Hesabatda qeyd olunur ki, Çin, Rusiya, Şimali Koreya və İran ölümcül toksinlər və patogenlər yaratmağa davam edir. "Həm sintetik biologiya, həm də peptid sintezi sahəsində irəliləyişlər dövlətlərə geniş çeşiddə yeni toksinlər hazırlamağa imkan verəcək", - deyə hesabatda vurğulanır.
Rusiya da öz növbəsində ABŞ-ni bioloji silah hazırlamaqda ittiham edir. Avqustun 16-da Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ABŞ-nin yeni pandemiyaya hazırlaşdığını bildirib.
Amerikanın Rusiya və digər ölkələr haqqında irəli sürdüyü ittihamların ilk olmadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, ABŞ bunda öncə də belə iddialar səsləndirib:
"Hətta İraqı işğalının səbəbi kimi də bunu göstərib. Amma belə bir məsələ var ki, onsuz da Rusiyanın hərbi arsenalında bioloji silahlar var. Yəni hər kəs bilir ki, Şimal qonşumuz atom dövlətidir və onun silah bazasında müxtəlif teknika və kütləvi qırğın silahları mövcuddur. İndi isə Amerikanın belə bir zamanda bu açıqlamanı verməsinin nəyə hesablandığının üzərində durmaq lazımdır. Çünki İraqa qarşı eyni ittiham səsləndirdiyi zaman məlum oldu ki, Vaşinqton bununla müdaxilə üçün zəmin hazırlayır. İndi ABŞ-nin belə bir plan qurub-qurmadığını demək çox çətindir. Çünki qarşısında İraq yox, Rusiya var. Yəni Amerika Rusiyaya müdaxilə edə bilərmi deyə böyük bir sual ortaya çıxır. Ancaq düşünmürəm ki, Ağ evin belə bir niyyəti olsun. ABŞ sadəcə Şərq-Qərb qarşıdurmasında özünə haqq qazandırmaq üçün zəmin hazırlayır. Bu açıqlamalarda ona hesablanıb. Yəni dünyaya göstərmək istəyir ki, Rusiya kütləvi qırğın ssenarisi qurur və mən onlara qarşı mübarizədə haqlıyam".
Ekspert əlavə edib ki, Rusiya yenidən böyük miqyaslı kütləvi qırğın silahı hazırlasa belə, ondan istifadə sadəcə lokal xarakter daşıyacaq:
"Ancaq mən bioloji silahlardan istifadənin mümkünlüyünü düşünmürəm. Çünki Ukraynadakı müharibə ruslara suverenliklə bağlı təhlükə yaratmır. Sadəcə imperial maraqlarına ziddir. Əgər Ukrayna tərəfi Rusiya daxilində əməliyyatlara cəhd edersə, kütləvi qırğın silahları istifadə oluna bilər. İndiki şəraitdə isə bu sadəcə rəsmi Kiyevin gözünü qorxutmaq üçün istifadə edilə bilər ki, heç bu da inandırıcı görünmür. Ona görə ki, Ukraynanın tam işğalı artıq Rusiyanın xarici siyasət prioriteti deyil".