İrandan gələn açıqlamalara ciddi yanaşmaq lazım deyil

Tehranın mənasız narahatlığı əvvəllər də olub, bundan sonra da olacaq

“Azərbaycanın dost İsraillə münasibətləri bölgədə sabitlik üçün vacibdir”

İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışları qadağan edilməlidir. Bu tələblə Əli Xamneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amuli çıxış edib. Onun iddiasına görə, İsrailin Azərbaycandakı səfiri hər dəfə danışanda İsrail üçün "böyük fəlakət" yaradır: "Əgər İsrail Xarici İşlər Nazirliyi öz maraqlarına həssasdırsa, onun müsahibə verməsini qadağan etməlidir". Ərəb ölkələri ilə İsrailin münasibətlərinin normallaşdırılması prosesinin başlamasından narahat olan Həsən Amuli İsraili aparteid siyasəti yürütməkdə, hər gün ərəbləri təhqir etməkdə ittiham edib. O, dolayı yolla Azərbaycan Respublikasına qarşı da ittihamlar səsləndirib: “İslamçı ağsaqqalları həbs edən və həbsxanaları islamçılarla dolu olan rejimin dini müxtəliflik və demokratiyadan danışmağa haqqı yoxdur”. 
  
Politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və İsrail münasibətləri heç də regionda İrana qarşı yönəlməyib. Ekspertin sözlərinə görə, İran-Ermənistan münasibətlərinin hansı səviyyədə olması və hansı məqsədlərə xidmət etməsi hər kəsə bəllidir: "İran Ermənistanı silahlandırmağa, maliyyə yardımı göstərməyə davam edir, hər platformada İrəvanı dəstəkləyir. Üçüncü ölkələrə şərait yaradır ki, Ermənistana silah-sursat, hərbi texnika göndərsinlər. İranın Ermənistana verdiyi bütün hərbi texnikalar Azərbaycana qarşı istifadə olunur. Belə addımlar da Azərbaycanı hiddətləndirir. O səbəbdən İrandan gələn bu tipli açıqlamalara ciddi yanaşmaq lazım deyil. Tehranın mənasız narahatlığı əvvəllər də olub, bundan sonra da olacaq. Azərbaycanın dost İsraillə münasibətləri bölgədə sabitlik üçün vacibdir".