İrəvan Bakıya qarşı müharibə elan edir - ŞƏRH

Görüntülər suveren ərazilərimizdə Ordumuza qarşı təhdidin nə qədər real olduğunun isbatıdır

"Separatçılar ordumuzun hərəkət istiqaməti ilə bağlı videogörüntülər yaymaqla Bakının “eskalasiyaya hazırlaşdığını" sübut etmək və özlərinin silahlanmasını, yeni atəş mövqeləri hazırlaması ilə bağlı faktları arxa plana keçirmək istəyirlər".

 Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Azərbaycan Ordusunun suveren ərazilərimizdə istənilən istiqamətdə hərəkət etmək hüququ bu cəhdin heç nəyə yaramayacağını deməyə əsas verir: 

"Lakin separatçıların belə bir görüntü yayması ordumuzu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dən Ermənistan ordusunun istifadəsi üçün alınıb. Lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni lobbisinin güclü olduğu ABŞ-dən belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır. Separatçılar bu görüntülərlə “Azərbaycan Ordusunun hərəkətlərini nəzarətdə saxladıqları”nı da göstərmək istəyirlər. Bu, Bakıya qarşı müharibə elanı kimi də qəbul edilə bilər. Çünki görüntülər suveren ərazilərimizdə Ordumuza qarşı təhdidin nə qədər real olduğunun isbatıdır".