Ağdam-Xankəndi yolu açılacaq! - TƏHLİL

Azərbaycan bütün məqsədlərinə çatacaq

Bakı separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırır

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Ölkə rəhbəri qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Ölkə başçısı qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib. Dövlət rəhbəri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib. ABŞ Dövlət katibi A.Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib. O, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
  Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Ermənistanın yalan təbliğatında bir sıra ölkələr də iştirak edirlər. Deputatın sözlərinə görə, bəzi Qərb dövlətləri ermənilərin yalanlarını, "humanitar şousu"nu dəstəkləyən bəyanatlar verirlər:

"Prezident İlham Əliyevin vurğuladığı kimi Qarabağda heç bir humanitar fəlakətdən söhbət gedə bilməz. Bu, ermənilərin siyasi manipulyasiyasıdır və Ermənistanın çirkin məqsədlərinə xidmət edir. Əgər Qarabağda yaşayan ermənilərlə bağlı problem varsa, Azərbaycan dövləti onlara istənilən formada yardım göstərəcəyini bəyan edib. Yardıma ehtiyacları varsa, yolu bağlamasınlar və Azərbaycanın təşkil etdiyi yük maşınlarının Xankəndiyə girməsinə imkan versinlər. Cənab Prezidentin bununla bağlı məqamları xüsusi diqqətə çatdırması çox-çox önəmlidir. Ermənistan uzun müddətdir davamlı olaraq təxribatlara əl atır. Lakin Ermənistanın təxribatları hədəflərimizə nail olmağın qarşısını ala bilməyəcək. Azərbaycan bütün məqsədlərinə çatacaq".
  Siyasi şərhçi Asif Nərimanlı da vurğulayıb ki, telefon danışığında diqqətçəkən məqam dövlət başçısı İlham Əliyevin mövcud vəziyyətin yaranmasında separatçıların rolunu bir neçə dəfə vurğulamasıdır

"Bu, Bakının separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi də qəbul edilə bilər. Azərbaycan Prezidenti ABŞ dövlət katibi A.Blinkenə izah edib ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər. O da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə mümkündür. Yəni Laçın yolundan daşınacaq yüklərə görə gömrük rüsumu ödəməli olacaqlar".