Gürcüstan Rusiyadan üz döndərəcək? - RƏY

Ona görə də, Tbilisi Qərblə Moskva arasındakı dinamikasını eyni tempdə saxlayacaq

  "Gürcüstan Prezidenti Salome Zurabaşvilinin hökumətin icazəsi olmadan Avropaya səfərə çıxması rəsmi Tbilisidə siyasi qalmaqal yaradıb". Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, Gürcüstanda prezidentlik institutu ilə hökumət arasındakı skandal birinci hal deyil. Ölkə parlament respublikası olduqdan sonra belə situasiya ilə çox rastlaşıb: "Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra isə Gürcüstan özünün təhlükəsizlik dilemmalarının həlli kimi Moskva ilə körpüləri yandırmamaq qərarına gəldikdən sonra Qərbyönümlü Zurabaşvili hökuməti ağ yuyub-qara sərir. İttihamlar qarşılıqlıdır, hökumət də öz növbəsində prezidentlik institutundakı Qərbyönümlü mövqeyi boğmağa çalışır. Hərçənd geniş aspektdə bu, daha çox balans yarada bilən akt kimi təsirlərə malikdir. Gürcüstandakı hərarətin normadan artıq olması regionda maraqları şişən dövlətlər üçün də məqbuldur. Rusiya üçün belə mənzərə sərfəlidir. Gürcüstanda hər nə qədər siyasi böhran varsa, üstəgəl bu, ölkənin ərazi münaqişəsi həll edilmədən davam edirsə, Kremlin əli bala batmış olur. Qərb üçün sərfəli tərəfləri azdır. Gürcüstan hələ də təhlükəsizlik səbəblərindən Moskva ilə əməkdaşlığı Qərbin anti-Rusiya ideallarından üstün tutur. Siyasi böhrandan yararlanan digər ölkə İrandır. Tehran üçün Gürcüstandakı azərbaycanlı amili üzərindən başlatmaq istədiyi ideoloji hərəkat intensivləşir".
  Ekspertə görə, Gürcüstanın sükanı arxasında oturanlar arasında siyasi çaxnaşmanın olması İranı əlverişli mövqelərə çıxarır: "Deməli, Zurabaşvilinin Avropaya səfərinin izləri dərin regional təsirlər buraxır. Gürcüstandakı maraqların xarakteri sərtləşir. Gürcüstanda bundan sonra Qərbyönümlü qüvvələrlə Rusiyayönümlü qüvvələr, bunların arasında mövqe tutub sırf milli maraqları önə çıxaran qüvvələr arasında üçtərəfli qarşıdurma gözləniləndir. Azərbaycan və Türkiyənin də Gürcüstandakı prosesləri diqqətlə monitorinq etdiyi aydındır. Bakı-Ankara strateji müttəfiqliyi üçün Gürcüstan vacib ölkədir. Türkiyə və Azərbaycan üçün bu mənada Gürcüstanı təhdidlərdən sığortalaya biləcək müştərək addımlara gedəcəyi qənaəti yaranır. Gürcüstan kartının qlobal və regional oyunçular tərəfindən masada oynanılmasının böyük regional nəticələri ola bilər ki, onun da dəqiqləşdirici xüsusiyyətlərini vermək çətindir. Situasiya mürəkkəbdir. Üstəgəl, Gürcüstan Ukrayna ilə də yaxşı münasibətlərə malik deyil. Bu məsələ Rusiyanın ürəyincə olan bir nəticədir".
  A.Kərimov bəyan edib ki, Rusiyanın əlindəki “aktyorlardan” biri də Kremlin maraqlarını pərdə arxasından diktə edən milyarder Bidzina İvanaşvilidir: "O, ölkədəki Rusiyameylli qüvvələrin generatorudur. Vəziyyətin dramatikləşməsi Gürcüstanın ərazi münaqişələrinin həll olunmaq əvəzinə, günü-gündən Rusiyanın aktivinə yeni xallar yazdırması fonunda da diqqət çəkir. Bu mənada siyasi böhran bol fürsətlər toplusudur, hərə bu skandaldan pay qoparmaq üçün əlindən gələni edəcək. Rusiya Gürcüstanı hədələyən narrativlərini, Qərb isə Tbilisini öz ideallarına yiyələndirməkdən ötrü var gücü ilə səy göstərir. Çünki Gürcüstan Rusiyadan üz döndərən istiqamətlərini şişirdib-böyütsə, bu, Qərbin regionda Rusiyanı sıxışdırması üçün əlavə dəyər olar. Lakin Gürcüstanın Rusiyaya tamamilə arxa çevirməsi real səslənmir, ona görə də, Tbilisi Qərblə Moskva arasındakı dinamikasını eyni tempdə saxlayacaq".