Paşinyan peşəkar siyasətçi deyil

Baş nazir aldığı yeni tapşırıqları icra etməklə məşğuldur

Sülh müqaviləsinə imza atmaqla bağlı müzakirələr gedən kimi Rusiya dərhal prosesə müdaxilə edir

  "Ermənistan Baş naziri Nikol Paşinyan peşəkar siyasətçi deyil. Bakı küləyi kimi gah o tərəfə, gah bu tərəfə əsir". Bu barədə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Paşinyan hökuməti aldığı yeni tapşırıqları icra etməklə məşğuldur: "Əslində Ermənistanı birmənalı idarə edən Rusiyadır. Paşinyan Moskvadan qorxduğu üçün tez-tez "Dağlıq Qarabağ", "status", "Artsax" və s. ifadələr işlədir, qondarma rejimdən danışır, sərsəm bəyanatlar verir. Rusiya mediasında yayılan "Vaqner"çilər İrəvandadır" tipli xəbərlər təsadüfən gündəmə gəlməmişdi. "Vaqner"lə bağlı xəbər Kremlin İrəvana xəbərdarlıq mesajları idi. Bir məqamı xatırladım. Qondarma qurumun elan olunduğu vaxt mən Xankəndidə idim. Rusiya Ruben Vardanyan və Araik Arutyunyandan sonra yenidən Vazgen Manukyan kartını gündəmə gətirir. Manukyanla bir neçə dəfə danışıqlarda olmuşam. Adam qatı daşnak və revanşistdir. Baş nazir və təhlükəsizlik şurasının baş katibi kimi vəzifələr icra edib. Belə adamlar Kremlin ən mühüm rıçağıdır".
  C.Nuriyev qeyd edib ki, Paşinyan nə vaxt sülhdən danışsa, müqaviləyə imza atmaqla bağlı müzakirələr getsə, Rusiya dərhal prosesə müdaxilə edir:

"İran sülh danışıqlarına Ermənistana gizli yollarla silah-sursat ötürməklə mane olur. ABŞ və Qərb də ikili mövqe tutur. O baxımdan rəsmi Bakının indiki mövqeyi doğrudur və bizi dəstəkləyən güclü ölkələr var. Heç bir məsələdə, xüsusən Qarabağdakı separatçılarla bağlı hansısa güzəştdən söhbət gedə bilməz. Proses xeyrimizə işləyir. Ermənistan hökumətinin ikili, üçlü oynamasından asılı olmayaraq, Azərbaycan qətiyyətli mövqeyindən geri durmayacaq və bütün hədəflərinə tədricən nail olacaq".