Zurabişvilini istefaya məcbur edə bilərlər

Gürcüstanda hökumət prezidentə qalib gələcək

  Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının başlatdığı impiçment proseduru fonunda istefa vermək fikrində olmadığını bəyan edib. Zurabişvili qeyd edib ki, heç yerə getmir, hamı istefa arzusunu unutmalıdır: "Mən olmalı olduğum yerdəyəm". Xatırladaq ki, sentyabrın 1-də ölkənin hakim partiyası prezidentə qarşı impiçment prosedurunun başlandığını elan edib. Buna səbəb S.Zurabişvilinin hökumətdən icazəsiz Avropaya səfəri, Almaniya və Fransa prezidentləri, eləcə də Avropa Şurasının rəhbəri ilə görüşməsi olub. Bununla da, S.Zurabişvili konstitusiyanı pozub. Əsas qanuna görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər. Prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentdə səsvermənin nəticələrinə əsasən deputatların üçdə ikisinin, yəni 150-dən 100-nün səsi tələb olunur.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"adeyib ki, Gürcüstanda siyasi böhran kifayət qədər yüksək həddə çatıb. Analitik diqqətə çatdırıb ki, ölkə prezidenti avrointeqrasiya siyasətinə sadiqdir, davam etməsinin tərəfdarıdır. Ancaq hökumət bunun tam əksinə ruspərəst siyasət yürüdür:

"Hökumətin "boz kardinalı" sayılan milyarder Bidzina İvanaşvili Prezident Zurabişvilinin bu siyasətini qəbul etmir. İmpiçment proseduru da bu məqsədlə başladılıb. Tərəflər arasında "soyuq müharibə" artıq aktiv fazaya keçib. Əgər hökumət prezidenti sıxışdırmağa davam edərsə, Zurabişvilini gələcəkdə istefaya məcbur edə bilərlər. Ancaq məsələ ondadır ki, Qərb birmənalı şəkildə Prezident Salome Zurabişvilini dəstəkləyir. Gürcüstanda ikitirəlik yaranıb. Qərb öz maraqlarını qoruyan S.Zurabişvilini, Rusiya isə hökuməti dəstəkləyir. Nəzərə alaq ki, Gürcüstanda hökumətin rıçaqları daha güclüdür. Son dövrlərdə İrakli Qaribaşvili Rusiyaya daha çox meyillənməyə başlayıb. Hökumət Moskva və Tbilisi arasında əlaqələri inkişaf etdirir və Ukrayna müharibəsində daha çox Qərbi, NATO-nu suçlayır. Bu da tərəflər arasında böhranı dərinləşdirir. Düşünürəm ki, Gürcüstanda hökumət prezidentə qalib gələcək".