Özümüzü aldatmayaq, Ermənistanın sülh niyyəti yoxdur - ŞƏRH

Azərbaycan bütün təxribatlara elə formada cavab verməlidir ki, düşmən böyük itki versin

  Ermənistanın paytaxtı İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə doğru irəliləyir. Bu barədə erməni blogerlər görüntülər yayıblar. Eyni zamanda Ermənistanın Azərbaycanla şərti sərhəddə bir neçə hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatlar da yayılır. Qeyd olunur ki, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar. "Caliber" nəşri də bildirir ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Nəşr diqqətə çatdırıb ki, təkcə son bir həftədə ehtiyatda on minə qədər hərbçi çağırılıb: "Bunun fonunda erməni hərbi ekspertlərin guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamaları "Azərbaycana dezinformasiya kampaniyasından başqa bir şey deyil" deyə dünya ictimaiyyətini çaşdırırlar. Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversiya xarakterli təxribat əməliyyatları aparıla bilər, eyni zamanda əsas döyüş əməliyyatları düşmən tərəfindən bizim Ermənistanla şərti sərhədimizə keçəcək".
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a deyib ki, Ermənistan rəhbərliyinin sülh niyyəti yoxdur, özümüzü aldatmayaq. Partiya rəhbəri bildirib ki, İrəvan müxtəlif vasitələrlə, təxribatlarla vaxtı uzatmağa çalışır:

"Baş nazir Nikol Paşinyan Qarabağdakı separatçılara görə yaxasını kənara çəkməyə çalışsa da, şərti sərhədlərdəki təxribatları ordudakı ruspərəst güclərin üzərinə atsa da, prosesin bütün məsuliyyəti baş nazirin üzərinə düşür. Sifarişlərin hamısı razılaşdırılmış halda Qərbdən, yaxud Rusiyadan gəlir. Bu da göstərir ki, Ermənistan hökumətinin sülhə gəlməsi çox uzaqdır. Təbii ki, ermənilər Azərbaycan Ordusuna qarşı müharibə aparmaq gücündə də deyillər. Çıxış yolu kimi təxribatları görürlər. Qarabağda qeyri-qanuni silahlı dəstələri saxlamaq və onları silahlandırmaq da təxribat məqsədinə xidmət edir".
  A.Nağı vurğulayıb ki, indiki halda regionda gərginliyin qalması həm Rusiyanın, həm İrəvanın, həm də Fransa və İran kimi ölkələrin maraqlarına cavab verir: "Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıq şəkildə vurğuladı ki, Moskvanın Cənubi Qafqazdan getmək niyyəti yoxdur. Maraqlar üst-üstə düşdüyü üçün təxribatlara göz yumulur, hətta şərait yaradılır. Hər gün müxtəlif istiqamətlərdə atəşkəs pozulur, səngərlər qazırlar, diversiya-kəşfiyyat cəhdləri müşahidə olunur. Yeni təxribatlara hazırlıq görürlər. Azərbaycan bütün təxribatlara elə formada cavab verməlidir ki, düşmən böyük itki versin. Təxribat ocaqları tamamilə məhv edilməlidir. Elə həmin istiqamətlərdə də irəliyə getməliyik. Buna tam hüququmuz çatır. Çünki 2020-ci ildə imzalanmış üçtərəfli sazişə görə, Qarabağda erməni silahlı dəstələri qalmamalıdır".