Bakı yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıya bilər - RƏY

Daha narahatlığa əsas qalmayıb

  Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin rəhbəri Ersin Tatar Azərbaycan dövlət başçısına təşəkkür edib. Ersin Tatar Azərbaycan rəhbərinin bəyanatından məmnun olduğunu söyləyib. Deyib ki, Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirir: "Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən böyük arzumdur. Cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Prezidentin sözləri indiki məqamda iki mühüm məsələdən xəbər verir - Şimali Kiprin müstəqilliyinin tanınması və Xankəndi və ətraf ərazilərə nəzarətin bərpa edilməsi. Analitik vurğulayıb ki, ŞKTC-nin müstəqilliyinin tanınması uzun müddətdir ki, gündəmdədir:

"Şimali Kipr Türk Cümhuriyyəti təkcə Türkiyə tərəfindən tanınır. Rəsmi Ankara illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Hətta rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan ŞKTC-nin müstəqilliyini tanımayıb. Buna səbəb Ermənistanla müharibənin olması və işğalın davam etməsi idi. 44 günlük müharibədən sonra rəsmi Bakının mövqeyi dəyişməsə də, nisbi loyallığa zəmin yarandı. 2022-ci il avqust ayında Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarla görüşdü. Bu, planlaşdırılmış görüş deyildi və Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşmişdi. Görüşdən sonra 2022-ci ilin noyabr ayında Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildi".
  T.Rzayevin fikrincə, Prezidentin Türk Dövlətləri Təşkilatının toplantısında ŞKTC bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsi Bakının yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıyacağını göstərir: "Dövlət başçısının bu açıqlaması həm də ondan xəbər verir ki, Bakının Xankəndi və ətraf ərazilərlə bağlı narahatlığı qalmayıb. Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ŞKTC-nin müstəqilliyinin tanınmasını labüd edir".