KTMT silahlılarının sərhədə göndərilməsi qəti yolverilməzdir

Rusiya ayağını Cənubi Qafqaza basdığı gündən regionda sabitlik olmayıb və olmayacaq

  Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində KTMT missiyasının yerləşdirilməsini təklif edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsində Rusiyanın məsləhətçi dəstəyi, kompleks etimad quruculuğu tədbirlərinin eyni vaxtda həyata keçirilməsi ilə daimi ritmik işlərin həyata keçirilməsinə diqqət yetirmək lazımdır: “Biz həm də KTMT missiyasının sərhəd bölgəsində yerləşdirilməsinin tərəfdarıyıq və burada, təbii ki, top artıq İrəvanın meydançasındadır. Qurumun qalan üzvləri belə bir addıma hazır olduqlarını bildiriblər”.
  AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycan-Ermənistan şərti sərhədlərinə KTMT silahlılarının göndərilməsi, o cümlədən sərhədlərin müəyyənləşməsi prosesində Rusiyanın iştirakı qəti yolverilməzdir. Partiya rəhbərinin sözlərinə görə, bu məsələ Azərbaycanın maraqlarına uyğun deyil: "Rusiya ayağını Cənubi Qafqaza basdığı gündən regionda sabitlik olmayıb və olmayacaq. Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı missiyasını sərhədlərə gətirməsinə kəskin etiraz etmədi. Bunu Ermənistanda fəaliyyət göstərəcək mülki missiya kimi dəyərləndirdi və hüquqi baxımdan tanımayacağını da bəyan etdi. Çünki Avropanın Rusiya olmadığının fərqindəyik. KTMT isə birbaşa hərbi missiyadır, silahlı birləşmələrdir. Əgər Azərbaycan-Ermənistan arasında sərhədlər müəyyən deyilsə, kim bizə qarantiya verir ki, KTMT qoşunları Azərbaycan ərazilərində mövqelənməyəcək? Zəngəzur, Göyçə, Basarkeçər və digər ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda KTMT-nin yerləşməsi üçün hansı sərhədlərdən söhbət gedir? Sərhədlər müəyyən olunmuş olsaydı, münaqişə, mübahisə olmazdı".
  T.Abbaslı diqqətə çatdırıb ki, Bakı və İrəvan ikitərəfli qaydada sərhədlərin müəyyənləşməsi prosesinə başlamalıdır: "Növbəti mərhələdə isə Ermənistan qarşısında şərt qoymalıyıq ki, sərhədlərimizə heç bir üçüncü ölkənin qoşunlarını gətirməsin. Ümumiyyətlə isə düşünürəm ki, yaxın vaxtlarda KTMT adlı qurum qalmayacaq. Turan istiqamətində addımlar atıldıqca, KTMT də tarixin zibilliyinə gedəcək".