Bu, birbaşa Rusiyaya qarşı atılmış addımdır - ŞƏRH

"ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsi qərarı birbaşa Rusyaya qarşı atılmış addımdır". 

Bu sözləri "Sherg.az"a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. 

Ekspert bildirib ki, bu qərar geosiyasi savaşın tərkib hissəsidir: 

"Ermənistan baş naziri Nikol Paşinyan bu addımı ilə öz mövqeyini ortaya qoyur, hansı tərəfdə olduğunu göstərir. Bu, birbaşa Qərbdən gələn tələbdir və Paşinyan da bunu icra edir. Çünki Qərbin adamı olması erməni baş naziri bu məsələdə konkret addım atmağa sövq edir. Ermənistanın əsas məqsədi bölgəyə Rusiyadan başqa digər aktorları da cəlb etməkdir. Görünür, Paşinyan bir an öncə Moskvadan qurtulmaq istəyir. Kremlin sərt reaksiyası anlaşılandır, amma buna adekvat cavab veriləcəyi o qədər də asan məsələ deyil. Çünki 2018-ci ildə Qərb Ermənistanda hakimiyyəti elə Rusiyanın əlindən aldı və Nikol Paşinyanı hakimiyyətə gətirdi. Buna rəğmən, Moskvanın müəyyən addımlar atacağı gözləniləndir. Qərb isə hər şəraitdə Paşinyanın arxasında dayanacağını vurğulayır və ona dəstək verəcəyini bəyan edir". 

Qeyd edək ki, Ermənistan və ABŞ birgə hərbi təlimləri keçiriləcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, təlimlər 11-20 sentyabrda Ermənistanda baş tutacaq. Qeyd olunub ki, birgə təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək. Ermənistan-ABŞ təlimləri ilə bağlı anons Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ermənistan və ABŞ-nin birgə təlimləri ilə bağlı məlumatlar narahatlıq doğurur: "Moskva vəziyyəti dərindən təhlil edəcək".